Qüdrətli və böyük Allahı tanımağın yolu
Kateqoriyalar
Mənbələr
Full Description
QÜDRƏTLİ VƏ BÖYÜK ALLAHI TANIMAĞIN YOLU
I hissə
İMANIN ƏSASLARI
İMAN NƏDİR?
Şəri mənası: Allahın varlığına, Məhəmmədin peyğəmbər olduğuna və Allah tərəfindən gətirdiyi bütün hökmlərə qəlblə inanmaq, bu inamı dillə iqrar və əməllə təsdiq etməkdir. İman, İslam dininin əsasıdır. İnsanları səadətə qovuşduran, kütlələri birləşdirən, bir olan Allaha inanmanın və Ona qul olmanın ifadəsidir. İman, hissdə aydınlıq, fikirdə işıq, bədəndə sağlamlıq və ruhda üstünlükdür. İman, İslamı bütöv qəbul və təsdiq etməkdir.
İman, iman ediləcək əsasların hamısına ayrı-ayrılıqda inanmaqdır. Allahdan başqa ibadət və itaət haqqı olan məbudun olmadığına, Məhəmmədin (s.a.v.) Allahın qulu və elçisi olduğuna, Allahın mələklərinə, kitablarına, peyğəmbərlərinə, Axirət gününə, öldükdən sonra dirilməyə, Cənnət və Cəhənnəmin varlığına, qəzavü-qədərə inanmaqdır. Möminlər həddi-büluğa çatmaq etibarı ilə imanlarını daim artırmaq və qüvvətli bir imana sahib olmaq üçün çalışmalıdırlar.
ALLAHA İMAN
Bizim əqidəmiz belədir: Allaha, Onun mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət gününə, qəzavü-qədərin xeyir və şərinə inanmaq.
Allah-təalanın Rəbb olmasına, yəni Onun Yaradan, Sahib, bütün işləri nizamlayan Hakim olmasına inanırıq.
Allah-təalanın ilahiliyinə, yəni tək Onun yeganə həqiqi tanrı, digər ibadət olunanların isə hamısının batilliyinə inanırıq. Biz Allahın adlarına və sifətlərinə, yəni Onun gözəl adlara və mükəmməl ülvi sifətlərə malik olmasına inanırıq.
Biz bütün bunlarda Allahın təkliyinə, yəni nə rəbb olmaqda, nə ilahi olmaqda, nə də malik olduğu ad və sifətlərdə şəriki olmadığına inanırıq. Allah-təala buyurur: «O, göylərin və yerin, onların arasında olan hər şeyin Rəbbidir! Yalnız Ona ibadət et, Ona ibadət etməkdə səbirli ol. Heç Ona bənzər tanıyırsanmı?» (Məryəm, 65).
Biz inanırıq ki, «Allahdan başqa ibadətə haqqı olan tanrı yoxdur. Əbədi və əzəli olan, məxluqların bütün işlərini nizamlayan və hifz edən Odur. O nə mürgüləyər, nə də yatar. Göylərdə və yerdə olan hər şey Ona məxsusdur. Onun icazəsi olmadan heç kəs başqa bir kəsin şəfaətini (vasitəçiliyini, xahişini) edə bilməz. O, məxluqlarının keçmişindən də, gələcəyindən də xəbərdardır. Onlar Onun elmindən, Onun Özünün istədiyindən artıq bir şey kəsb edə bilməzlər. Onun kürsüsü (bilik, qüdrət və səltənəti) göyləri də, yeri də əhatə edir. Bunları qorumaqda O bir çətinlik çəkmir. O hər şeydən uca və qüdrətli olandır!» (əl-Bəqərə, 255).
Biz inanırıq ki, «O, Özündən başqa heç bir tanrı olmayan, gizlini də, aşkarı da bilən Allahdır. O, mərhəmətli və rəhmlidir. O, Özündən başqa heç bir tanrı olmayan, müqəddəs və pak, bəndələrə əmin-amanlıq, salamatlıq bəxş edən, bəndələrinə nəzarət edən, yenilməz bir qüdrət və əzəmət sahibi, hər bir nöqsandan uzaq hakimdir. O, (hər şeyi) xəlq edən, heçdən var edən, (hər şeyə) surət verən Allahdır. Onun ən gözəl adları vardır. Göylərdə və yerdə olan hər şey Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüdrət və hikmət sahibidir» (əl-Həşr, 22-24).
Biz inanırıq ki, səmaların və yerin mülkiyyəti Ona məxsusdur: «Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini yaradır, istədiyinə ancaq qız, istədiyinə də ancaq oğlan verir. Yaxud hər ikisindən – oğlan da, qız da verir. İstədiyini də sonsuz edir. O (hər şeyi) bilən və (hər şeyə) qadir olandır» (əş-Şura, 49-50).
Biz inanırıq ki, «Yer üzündə elə bir canlı yoxdur ki, ruzisi Allahdan olmasın, Allah onların sığınacaqlarını da, əmanət qoyulacaq yerlərini də bilir. Bütün onlar lövhi-məhfuzda əks olunmuşdur» (Hud, 6).
Biz inanırıq ki, «Qeybin açarları Ondadır. Onları yalnız O bilir. O quruda da, suda da olanı bilir. Onun xəbəri olmadan bir yarpaq belə düşməz, yerin qaranlıq qatlarında bir toxum belə cücərməz, nə yaş, nə də quru. Elə bir şey yoxdur ki, lövhi-məhfuzda olmasın» (əl-Ənam, 59).
Biz bilirik ki, Allah istədiyi kimi danışır, istədiyi vaxt danışır və istədiyini danışır: «Allah Musa ilə sözlə danışdı» (ən-Nisa, 164).
«Musaya vəd etdiyimiz vaxt gəlib çatanda Rəbbi onunla danışdı» (əl-Əraf, 143).
«Biz onu (Musanı) Tur dağının sağ tərəfindən çağırdıq və gizli dua edərkən Özümüzə yaxınlaşdırdıq» (Məryəm, 52).
Biz inanırıq ki, «Əgər Rəbbimin sözlərini yazmaq üçün dərya mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik, yenə də Rəbbimin sözləri tükənməzdən əvvəl onlar tükənərdi» (əl-Kəhf, 109).
«Əgər yerdə hər bir ağac qələm olsaydı, dənizə isə yeddi dəniz belə qoşulsaydı yenə də Rəbbin sözləri (yazılıb) tükənməzdi. Həqiqətən, Allah yenilməz qüdrət və hikmət sahibidir!» (Loğman, 26).
Biz inanırıq ki, Allahın kəlamları məlumat baxımından ən düzgün, hökm baxımından ən ədalətli və söhbət baxımından ən şirin kəlamlardır. Allah-təala buyurur: «Rəbbinin sözü düzgün və ədalətli şəkildə tamamlandı» (əl-Ənam, 115);
«Allahdan daha doğru danışan kim ola bilər?!» (ən-Nisa, 87).
Biz inanırıq ki, Qurani-kərim Allah-təalanın haqqı dediyi, Cəbrailə öyrətdiyi kəlamıdır ki, Cəbrail onu Peyğəmbərin (s.a.v.) qəlbinə haqq olaraq nazil etmişdir.
«Ruhülqüds (Cəbrail) onu (Quranı) sənin Rəbbindən haqq olaraq nazil etmişdir» (ən-Nəhl, 102).
«Şübhəsiz ki, o, (Quran) aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir! Onu Ruhüləmin (Cəbrail) endirdi. Xəbərdarlıq edən olasan deyə, sənin qəlbinə endirdi. Özü də açıq-aydın ərəb dilində» (əş-Şuəra, 192-195).
Biz inanırıq ki, böyük və qüdrətli Allah öz zatı və sifətləri ilə məxluqlardan çox-çox yüksəkdir. Allah-təala buyurur: «O, hər şeydən uca və qüdrətli olandır» (əl-Bəqərə, 255);
«O, Öz qulları üzərində mütləq hakimdir. O, hikmət və bilik sahibidir» (əl-Ənam, 18).
Biz inanırıq ki, «Göyləri və yeri altı gündə yaradan Rəbbiniz sonra işləri nizamlamaq üçün Ərşin üzərinə yüksəldi» (Yunus, 3). Onun Ərşin üzərinə yüksəlməsi Öz zatı ilə yalnız Onun qüdrət və əzəmətinə layiq, necəliyini yalnız Onun bildiyi bir şəkildə, xüsusi bir tərzdə baş vermişdir.
Biz inanırıq ki, Allah-təala öz məxluqları ilədir. O, Ərşin üzərində ola-ola bəndələrin vəziyyətindən xəbərdardır, dediklərini eşidir, əməllərinə şahiddir, işlərini nizamlayır, kasıba ruzi verir, sınığı düzəldir, istədiyinə mülk verir, istədiyindən mülkü alır, istədiyini qüvvətləndirir, istədiyini zəlil edir, xeyir Onun əlindədir. O, hər bir işə qadirdir. Heç şübhəsiz ki, bütün bu işlərin sahibi, əslində onlardan yüksəkdə –Ərşin üzərində olsa da, həmişə Öz məxluqları ilədir: «Ona bənzər olan heç bir şey yoxdur. O, (hər şeyi) eşidən və görəndir» (əş-Şura, 11).
Biz hüluli və digər cəhmiyyəçilər kimi demirik ki, Allah yer üzündə öz məxluqları ilə birlikdədir. Biz belə deyəni yolunu azmış hesab edirik, çünki o, Allahı layiq olmadığı nöqsanlarla vəsf etmiş olur.
Biz Peyğəmbərin (s.a.v.) Onun haqqında dediklərinə inanırıq: “Allah hər dəfə gecənin son üçdə biri qalanda yer səmasına enib deyir: – Mənə dua edənə cavab verərəm, kömək diləyənə kömək edərəm, bağışlanma istəyəni bağışlayaram”.
Biz inanırıq ki, Allah miad (dirilmə) günü gəlib bəndələrini bir-birindən ayıraraq buyurur: «Xeyr! Yerin dağılıb parça-parça olacağı; Rəbbinin gələcəyi və əmrilə mələklərin səf-səf duracağı; və Cəhənnəmin gətiriləcəyi gün insan (öz günahlarını) yada salacaqdır. Lakin bunun nə xeyri?» (əl-Fəcr, 21-24).
Biz inanırıq ki, O, «istədiyini edəndir» (Hud, 107).
Biz inanırıq ki, Allah-təalanın iradəsi iki cür olur:
1. Ümumi - Onun istədiyi olur. Bu halda istək obyektinin Allah üçün sevimli olub-olmaması mühüm deyildir. Bu növ iradə həm də istək kimi də tanınır. Allah-təalanın buyurduğu kimi: «Əgər Allah istəsəydi, onları bir-birilə vuruşdurmazdı. Lakin Allah istədiyini edir!» (əl-Bəqərə, 253).
«Əgər Allah sizi məhv etmək (azdırmaq) istəsə, mən sizə nəsihət vermək niyyətində olsam da, bunun heç bir xeyri olmaz. O sizin Rəbbinizdir və siz Onun hüzuruna qaytarılacaqsınız!» (Hud, 34).
2. Şəri - Allah subhanəhu və təalanın sevdiyindən irəli gəlir. Lakin hər sevdiyinə etməz: «Allah istəyir ki, siz tövbə edəsiniz» (ən-Nisa, 27).
Biz inanırıq ki, həm ümumi, həm də şəri iradəsi Onun hikmətinə tabedir. Allahın həyata keçirdiyi hər şey - istər ümumi olsun, istərsə də bəndənin Ona şəriət ibadəti kimi olsun Onun hikmətindən asılıdır. Onun hikmətinə müvafiq şəkildə biz bunu bilsək də, bilməsək də, yaxud ağlımız onu dərk etməkdə naqis olsa da bu baş verir: «Məgər Allah ən yaxşı hakim deyilmi?» (ət-Tin, 8);
«Allahdan daha yaxşı hökm verən kimdir?» (əl-Maidə, 50).
Biz inanırıq ki, Allah-təala özünə yaxın adamları (övliyaları) sevir, onlar da Onu sevirlər: «Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayan və rəhmlidir!» (Ali-İmran, 31);
«Allah elə bir tayfa gətirər ki, Allah onları, onlar da Allahı sevərlər» (əl-Maidə, 54);
«Allah səbir edənləri sevər!» (Ali-İmran, 146);
«Ədalətli olun, Allah ədalətli olanları sevər!» (əl-Maidə, 42);
«Yaxşı işlər görün, Allah yaxşı iş görənləri sevər!» (əl-Maidə, 93).
Biz inanırıq ki, Allah-təala şəriətlə buyurduğu əməl və danışıqlardan razı qalır, yasaq etdiklərinə isə nifrət edir: «Əgər küfr etsəniz, zərəri ancaq sizə dəyər. Allah sizə möhtac deyildir. Allah bəndələrinin küfr etməsilə razılaşa bilməz. Əgər şükür etsəniz, O sizdən razı qalar» (əz-Zumər, 7).
«Allah onların davranışını xoşlamadı və onlara mane olub dedi: – Evdə oturanlarla oturun!» (ət-Tovbə, 46).
Biz inanırıq ki, Allah-təala iman gətirənlərdən və yaxşı iş görənlərdən razı qalır: «Allah onlardan razıdır, onlar da Allahdan. Bu Rəbbindən qorxanlar üçündür!» (əl-Bəyyinə, 8).
Biz inanırıq ki, qəzəbə layiq olan kafirlərə və başqalarına Allah-təalanın qəzəbi tutur: «Allah haqqında pis fikirdə olanların özləri pis günə qalarlar. Onlar Allahın qəzəbinə gələrlər» (əl-Fəth, 6).
«Sinəsi küfrlə dolanlar Allahın qəzəbinə gələr, qismətləri şiddətli əzab olar» (ən-Nəhl, 106).
Biz inanırıq ki, Allah-təalanın əzəmətli və vəsf edilən siması vardır: «Sənin Rəbbinin siması əzəmətli və əbədidir» (ər-Rəhman, 27).
Biz inanırıq ki, Allah-təalanın iki səxavətli və əzəmətli əli vardır: «Xeyir, Onun əlləri açıqdır. İstədiyi kimi xərcləyir» (əl-Maidə, 64).
«Onlar Allahı layiqincə qiymətləndirmədilər. Halbuki, qiyamət günü yer bütünlüklə Onun ovcunun içində olacaq, göylər isə Onun sağ əlilə büküləcəkdir. Allah onların vəsf etdiklərində tamamilə uzaq və ucadır!» (əz-Zumər, 67).
Biz inanırıq ki, Allah-təalanın iki gözü vardır: «Gəmini gözümüzün qabağında və vəhyimizə uyğun şəkildə düzəlt» (Hud, 37).
Peyğəmbər (s.a.v.) demişdir: «Onun nurunu hicab örtür. Əgər onu bir balaca açsa çöhrəsinin parıltısı insan gözünün görə bildiyi ən uzaq şeyi belə yandırar».
Sünnə əhli belə bir yekdil fikirdədir ki, Allahın gözlərinin iki olması fikrini Peyğəmbərin (s.a.v.) Dəccal haqqında dedikləri də təsdiq edir: «Dəccal tək gözdür, sizin Rəbbiniz isə tək göz deyildir».
Biz inanırıq ki, Allah-Təalanı «Gözlər... dərk etməz. O, gözləri dərk edər. O, lətifdir və hər şeydən xəbərdardır» (əl-Ənam, 103).
Biz inanırıq ki, mömin qiyamət günü öz Rəbbini görəcəkdir: «O gün neçə-neçə üz güləcək. Rəbbinə baxıb sevinəcək» (əl-Qiyamə, 22).
Biz inanırıq ki, sifətlərinin mükəmməlliyi baxımından Allah-təalaya tay olan yoxdur: «Ona bənzər olan heç bir şey yoxdur. O, hər şeyi eşidən və görəndir» (əş-Şura, 11).
Biz inanırıq ki, «O nə mürgüləyər, nə də yatar» (əl-Bəqərə, 255). Bu Onun kamilliyindən irəli gəlir.
Biz inanırıq ki, Allah-təala ən adil olduğuna görə heç kəsə zülm etməz.
İnanırıq ki, O, nəzarətinin və əhatə etmək qüdrətinin mükəmməlliyinə görə bəndələrinin əməllərindən xəbərsiz deyildir.
Biz inanırıq ki, biliyinin və qüdrətinin mükəmməlliyinə görə O, nə göylərdə, nə də yerdə heç bir işdə aciz deyildir: «Bir şey yaratmaq istədikdə Allahın əmri ancaq: «Ol!» - deməkdir. O da dərhal olar!» (Yasin, 82).
İnanırıq ki, qüvvəsinin mükəmməlliyinə görə O nə yorular, nə də usanar: «Göyləri və yeri, onların arasında olanları altı günə yaratdıq və bu işdən yorulmadıq» (Qaf, 38).
Biz Allah-təalanın Öz adları və sifətləri barədə dediklərinə və Peyğəmbərinin (s.a.v.) bu haqda söylədiklərinə inanırıq. Lakin biz özümüzü iki şeydən: qəlblə və dillə Allahın sifətlərini məxluqların sifətlərinə bənzər kimi təqdim etməkdən, qəlblə və dillə Allahın sifətlərinin necəliyi barədə bu elədir, bu belədir və s. deməkdən uzaq bilirik.
Biz Allahın Özünə münasibətdə və Onun peyğəmbərinin (s.a.v.) Ona münasibətdə inkar etdikləri hər şeyi inkar edirik. Allahın və Onun peyğəmbərinin (s.a.v.) demədiklərini biz də demirik.
Biz bu yolla getməyin vacib və labüd olduğunu görürük. Çünki Allahın Özü barədə isbat və ya inkar etdiyi Allahın Özü haqqında verdiyi doğru məlumatdır. Allahın Özü barədə dedikləri ən doğru və ən dəqiq olanlardır, ən yaxşı söz, ən doğru söhbətdir. Bu xəbərsizlər bilməzlər.
Peyğəmbərin (s.a.v.) Onun barəsində isbat və ya inkar etdikləri də Allah barədə doğru məlumatdır. Peyğəmbər (s.a.v.) insanlar arasında öz Rəbbi barəsində ən dəqiq biliyə malik olan, ən səmimi, ən sədaqətli və ən gözəl danışığa malik adamdır.
Allahın və Onun peyğəmbərinin (s.a.v.) kəlamında kamil elm, doğruluq və aydınlıq öz əksini tapmışdır. Bunları qəbul etməkdə tərəddüdə heç bir əsası yoxdur.
Allah-təalaya məxsus ad və sifətlər barəsində istər müfəssəl, istər qısa, istər təsdiq, istərsə də inkar xarakterli dediklərimizin hamısında biz Qurana və Peyğəmbərimizin Sünnəsinə arxalanırıq.
Bu işdə Quran və Sünnə mətnlərini izzət və cəlal sahibi Allaha layiq bir şəkildə öz zahiri mənaları və həqiqi məzmunu ilə verməyi vacib bildim.
Biz bu mətnləri Allah və Onun peyğəmbərinin iradəsindən fərqli bir şəkildə təhrif edənlərdən uzağıq.
Biz həm də bu mətnlərin Allahın iradəsinə uyğun dəlillərini inkar edən ateistlərdən də uzağıq.
Biz həmçinin bu dəlilləri həm bənzətmək, həm də necəliyi barədə fikir yürütmək cəhdlərindən də uzağıq.
Biz yəqin olaraq bilirik ki, Quran və Peyğəmbərin (s.a.v.) dediklərinin hamısı haqdır və biri o birinə zidd deyildir: «Onlar Quran barədə düşünməzlərmi? Əgər o, Allahın yox, başqasının kəlamı olsaydı, onda çoxsaylı ziddiyyətlər olardı» (ən-Nisa, 82). Çünki verilən məlumatlardakı ziddiyyətlər bir o birini təkzib edərdi. Bu isə Allah-təalanın kəlamına və Onun peyğəmbərinin (s.a.v.) dediklərinə münasibətdə mümkün deyildir.
Allah-təalanın kitabında və ya Peyğəmbərinin (s.a.v.) Sünnəsində, yaxud onlar arasında ziddiyyət olduğunu pis niyyət, yaxud ürəkdə əyrilik üzündən iddia edən adam mütləq tövbə etməlidir ki, Allah onun günahlarından keçsin.
Allahın Kitabında və ya Peyğəmbərin (s.a.v.) Sünnəsində, yaxud onların ikisi arasında ziddiyyət olduğunu biliyinin azlığı, düşüncəsinin naqisliyi, idrakının zəifliyi üzündən fikrinə gətirən adam mütləq elm öyrənməli, bilik əldə etməli, idrak və düşüncəsini dərinləşdirməyə çalışmalıdır ki, həqiqət ona aydın olsun. Əgər bunu edə bilməzsə, bu işdə alimə müraciət etməlidir ki, səhv fikirdən xilas olsun və elmdə qüvvəti olanların dediklərini desin: «Biz onlara inandıq, onların hamısı Rəbbimiz tərəfindədir» (Ali-İmran, 7).
Hamı bilməlidir ki, nə Kitab, nə də Sünnədə, nə də ki, onlar arasında heç bir ziddiyyət, heç bir ixtilaf yoxdur.
MƏLƏKLƏRƏ İMAN
Biz inanırıq ki, Allah-təalanın mələkləri «möhtərəm qullardır. Onlar Allahdan qabaq söz danışmazlar və yalnız Onun əmri ilə iş görərlər» (əl-Ənbiya, 26-27).
Onları Allah-təala xəlq etmişdir. Onlar Allaha ibadət edir və Ona tabedirlər. «Onlar Allaha ibadət etməkdə təkəbbür göstərməzlər və bunda yorulmazlar. Onlar gecə-gündüz, yorulmaq bilmədən Rəbbini təqdis edib şəninə təriflər deyərlər» (əl-Ənbiya, 19-20).
Allah-təala mələklərini bizdən gizlətmişdir və biz onları görə bilmirik. Lakin Allah bəzi bəndələrinə onları göstərir. Məsələn, Peyğəmbər (s.a.v.) Cəbraili üfüqləri örtən 600 qanadlı varlıq şəklində görmüşdür. Cəbrail Məryəmə birbaşa insan simasında görünmüş və onlar bir-biri ilə danışmışlar. Bir dəfə Peyğəmbərin (s.a.v.) səhabələrlə birlikdə olduğu vaxt heç kəsin tanımadığı, əyin-başında uzaq səfərdən əsər-əlamət olmayan, düm ağ paltar geymiş, zil qara saçlı bir adam gəlib Peyğəmbərin (s.a.v.) qarşısında oturdu, dizlərini onun dizlərinə yaxınlaşdırdı, əllərini onun dizlərinə qoydu, sonra onlar bir-birilə danışdılar. Sonradan Peyğəmbər (s.a.v.) səhabələrinə bildirdi ki, o, Cəbrail idi.
Biz inanırıq ki, mələklərin hər birinin müəyyən bir vəzifəsi, işi vardır.
Cəbrailin vəzifəsi vəhy çatdırmaqdır. O, Allahın dərgahından Onun elçilərinin və ya peyğəmbərlərinin yanına enir. Mikail yağış və bitkilərlə bağlı işlər üçün məsuldur. İsrafilin vəzifəsi şimşək çaxdırmaq və dirilmə günü sura üfürməkdir.
Ölüm mələyi yaradılmışların canını almaqla məşğuldur. Dağlar mələyi dağlara aid işlərə məsuldur. Başqa bir mələk Cəhənnəm odunun xəzinədarıdır. Bəzi mələklər ana bətnində rüşeymlərlə, başqaları bəşər övladını qorumaqla, digərləri isə onlardan hər birinin əməllərini qələmə almaqla məşğuldurlar. Bu sonuncu işi görən iki mələkdir: «Xatırla ki, sağında və solunda əməllərini qeydə alan iki mələk oturmuşdur. Dediyin hər sözü yazmaq üçün hazır durub gözləyən iki mələk vardır!» (Qaf, 17-18). Başqa mələklərin vəzifəsi ölüləri sorğu-sual etməkdir. Son mənzilə çatdıqdan sonra iki mələk gəlib ölmüş adama dini və peyğəmbəri haqqında suallar verir: «Allah iman gətirənləri dünyada da, axirətdə də möhkəm bir sözlə sabitqədəm edər, zalimləri azdırar, istədiyini edər!» (İbrahim, 27).
Cənnət sakinlərinin işlərilə məsul mələklər də vardır: «Mələklər cənnətin hər bir qapısından girib onlara deyirlər: «Səbir etdiyinizə görə sizə salam olsun! Son mənzilin aqibəti nə gözəldir!» (ər-Rəd, 23-24).
Peyğəmbər (s.a.v.) bildirir ki, səmanın yeddinci qatında bina edilmiş evdə hər gün 70 min mələk namaz qılır və oradan çıxanların heç biri qiyamət gününə qədər o evə qayıtmaz.
KİTABLARA İMAN
Biz inanırıq ki, Allah-təala Öz peyğəmbərlərinə insanlar üçün dəlil, onların hikmət öyrənməsi və paklaşmasının yollarını göstərən kitablar nazil etmişdir.
Biz inanırıq ki, Allah-təala hər bir peyğəmbərlə kitab da göndərmişdir. Allah-təala bu barədə buyurur: «Biz peyğəmbərlərimizi aydın dəlillərlə göndərdik. Biz onlarla birlikdə kitab və ədalət tərəzisi də göndərdik ki, insanlar (bir-birilə) ədalətlə rəftar etsinlər» (əl-Hədid, 25).
Bilirik ki, həmin kitablar bunlardır:
1) Zəbur. Allah-təala onu Davuda (Ona salam olsun!) göndərmişdir.
2) Tövrat. Allah onu Musaya (Ona salam olsun!) nazil etmişdir. Bu, İsrail övladlarının ən əzəmətli kitabıdır: «Onda haqq yolu və nur vardır. Müsəlman olan peyğəmbərlər onunla (Tövratla) yəhudilər arasında, ravilər və alimlər isə bu kitabdan qorunub saxlanmışlarla hökm edər və ona şahid olarlar» (əl-Maidə, 44).
3) İncil. Allah onu İsaya (Ona salam olsun!) nazil etmişdir: «Ona (İsaya) içində haqq yolu və nur olan, özündən əvvəlki Tövratı tamamlayan və təsdiq edən, Allahdan qorxanlar üçün haqq yolu və nəsihətlər olan İncili göndərdik» (əl-Maidə, 46).
4) Qurani-Kərim. Allah-təala onu sonuncu Peyğəmbəri Məhəmmədə (s.a.v.) göndərmişdir: «İnsanlara haqq yolunu göstərən, bu yolu açıq-aydın dəlillərlə sübut edən və haqqı batildən ayıran Quran ramazan ayında nazil edilmişdir» (əl-Bəqərə, 185); O, «özündən əvvəlki kitabları təsdiq edən...» (əl-Maidə, 48) bir kitabdır. Allah onu nazil etməklə əvvəlki kitabların hökmünü ləğv etdi və onu oyunbazların oyunundan və təhrifçilərin təcavüzündən qorumağı vəd etdi: «Şübhəsiz ki, Zikri (Quranı) Biz nazil etdik və Biz də onu qoruyacağıq» (əl-Hicr, 9).
Çünki Quran bütün insanlar üçün qiyamət gününə qədər bir dəlil olaraq qalacaqdır.
Əvvəlki kitablar müvəqqəti idi. Yenisi nazil olanda əvvəlkilərin vaxtları başa çatır, onlarda baş vermiş təhrif və dəyişikliklər aydınlaşır. Onlar təhriflərdən qorunmadıqları üçün onlarda təhrif, artıq və əskik olan şeylər də var.
«Yəhudilər kəlamın (Tövratın) məzmununu təhrif etdilər» (ən-Nisa, 46);
«Vay o şəxslərin halına ki, öz əllərilə kitab yazıb, müqabilində bir şey əldə etmək üçün: “Bu, Allah tərəfindəndir!” - deyirlər. Əllərilə yazdıqlarına görə vay onların halına! Əldə etdiklərinə görə vay onların halına!» (əl-Bəqərə, 79);
«De: “Musanın insanlara nur və haqq yolu olaraq gətirdiyi kitabı kim nazil etmişdir? Siz onu vərəqələrə yazıb göstərir, çoxunu da gizlədirsiniz”» (əl-Ənam, 91);
«Kitab əhlindən bir zümrə də vardır ki, siz onların (Tövratdan) hesab edəsiniz deyə, Kitab oxuyan zaman dillərini (qəsdən) o tərəf-bu tərəfə əyirlər. Halbuki, onların bu oxuduqları Kitabdan (Tövratdan) deyildir. Onlar isə: “Bunlar Allah tərəfindəndir” – deyirlər. Bunlar heç də Allah tərəfindən deyildir...» (Ali-İmran, 78);
«Ey kitab əhli! Sizə kitabda (Tövratda və İncildə) gizlətdiyiniz şeylərin bir çoxunu bildirən, bir çoxunu da sizə bağışlayıb üstünü vurmayan peyğəmbərimiz gəldi...» (əl-Maidə, 15).
PEYĞƏMBƏRLƏRƏ İMAN
Biz inanırıq ki, Allah-təala öz məxluqlarına peyğəmbərlər göndərmişdir.
«Biz peyğəmbərləri müjdə verən və əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın. Allah yenilməz qüvvət və hikmət sahibidir!» (ən-Nisa, 165).
Biz inanırıq ki, elçilərdən birincisi Nuh (Ona salam olsun!), sonuncusu isə Məhəmməddir (s.a.v.). «(Ya Məhəmməd!) Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi, sənə də vəhy göndərdik!» (ən-Nisa, 163).
«Məhəmməd sizin adamlardan heç birinin atası deyildir. Lakin o, Allahın elçisi və peyğəmbərlərin sonuncusudur» (əl-Əhzab, 40).
Onlardan ən üstünləri Məhəmməd, İbrahim, Musa, Nuh və Məryəm oğlu İsadır. Onlar Allahın bu kəlamında xüsusi olaraq qeyd olunurlar: «Xatırla ki, Biz bir zaman peyğəmbərlərdən əhd almışdıq: səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da!..» (əl-Əhzab, 7).
Biz inanırıq ki, Məhəmmədin (s.a.v.) şəriəti öz fəziləti ilə seçilən həmin o peyğəmbərlərin şəriətlərinin bütün üstünlüklərini əhatə edir. Allah-təala buyurur: «Allah: “Dini qoruyub saxlayın, ona düzgün riayət edin, dində ayrılığa düşməyin!” - deyə Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyini dində sizin üçün də qanuni etdi» (əş-Şura, 13).
Biz inanırıq ki, bütün peyğəmbərlər yaradılan bəşərdirlər. Onlarda ilahi təbiətli heç nə yoxdur. Allah-təala onların birincisi olan Nuhun dilindən buyurur: «Mən demirəm ki, məndə Allahın xəzinələri vardır. Mən qeybi də bilmirəm. Mən demirəm ki, mələyəm» (Hud, 31).
«De: “Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm”» (əl-Əraf, 188);
«De: ”Mən sizə nə bir zərər, nə də bir xeyir vermək qüdrətinə malikəm!” De: “Məni Allahdan heç kəs qurtara bilməz və mən də Ondan başqa heç bir sığınacaq tapa bilmərəm”» (əl-Cinn, 21-22).
Biz inanırıq ki, onlar Allah-təalanın bəndələridirlər. Allah onları risalə ilə nemətləndirmiş, onları tərif və hörmət baxımından bəndəliyin ən ali məqamına ucaltmışdır. Allah onların birincisi olan Nuh barədə buyurur: «Ey Nuhla birlikdə gəmiyə mindirib apardığımız kəslərin nəsli! Həqiqətən, Nuh Allaha çox şükür edən bir bəndə idi!» (əl-İsra, 3). Allah-təala peyğəmbərlərin sonuncusu olan Məhəmməd (s.a.v.) barədə buyurur: «Aləmləri qorxutmaq üçün haqqı batildən ayıran Quranıı Öz bəndəsinə nazil edən Allah nə qədər uca, nə qədər uludur!» (əl-Furqan, 1). Başqa peyğəmbərlər haqqında isə O buyurur: «Bəsirət və qüvvət sahibi olan bəndələrimiz İbrahimi, İshaqı və Yəqubu da yad et!» (Sad, 45);
«Onların dediklərinə səbir et və (qüvvətli) bəndəmiz Davudu yadına sal! Çünki o, daim Allaha sığınan bir kimsə idi» (Sad, 17).
«Biz Davuda Süleymanı bəxş etdik. Nə gözəl bəndə! O daim Allaha sığınan bir kimsə idi» (Sad, 30). Allah Məryəm oğlu İsa barədə buyurur: «O ancaq nemət bəxş etdiyimiz və İsrail övladlarına nümunə etdiyimiz bir bəndədir» (əz-Zuxruf, 59).
Biz inanırıq ki, Allah-təalanın bütün bəşəriyyətə göndərmiş olduğu peyğəmbəri Məhəmmədin (s.a.v.) risaləsilə digərlərinə son qoymuşdur. Bu barədə Allah-təala buyurur: «De: “Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş peyğəmbəriyəm. O Allah ki, göylərin və yerin hökmü Ondadır. Ondan başqa heç bir dirildən və öldürən tanrı yoxdur. Buna görə də Allaha və Onun kəlamına inanan savadsız peyğəmbərinə iman gətirin, ona tabe olun ki, haqqın yolunu tapa biləsiniz!”» (əl-Əraf, 159).
Biz inanırıq ki, Məhəmmədin (s.a.v.) şəriəti Allahın Öz bəndələri üçün seçdiyi və yalnız Onun qəbul etdiyi İslam dinidir. Allah-təala buyurur: «Allah yanında (haqq olan) din, əlbəttə, İslamdır» (Ali-İmran, 19);
«Bu gün dininizi kamala yetirdim. Sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim» (əl-Maidə, 3);
«Kim İslamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!» (Ali-İmran, 85).
Biz bu gün İslamdan başqa hər hansı bir dinin – istər yəhudiliyin, istər xristianlığın, istərsə də başqa bir dinin Allah dərgahında məqbul din olmasını iddia edən şəxsi kafir hesab edirik. Belə adam tövbə etsə, tövbəsi qəbul olunar, etməsə bir dinsiz kimi ölər. Çünki o, Quranı təkzib edir.
Biz həmçinin Məhəmmədin (s.a.v.) bütün bəşəriyyətə ünvanlanmış risaləsini inkar edən şəxsi,- gər o, öz peyğəmbərinə tabe olan mömin olduğunu iddia etsə belə,- bütün peyğəmbərləri inkar edən hesab edirik. Allah-təala buyurur: «Nuh tayfası elçiləri təkzib etdi» (əş-Şuəra, 105). Allah bu tayfanın bütün peyğəmbərləri təkzib etmiş olduğunu göstərir. Halbuki, Nuha qədər peyğəmbər olmamışdır.
Allah-təala buyurur: «Allahı və peyğəmbərlərini inkar edənlər, Allahı peyğəmbərlərindən ayırmaq istəyənlər, “Biz peyğəmbərlərdən bəzisinə inanır, bəzilərinə isə inanmırıq”- deyənlər və bunun arasında bir yol tapmaq istəyənlər- bütün bunlar, həqiqətən, kafirdirlər. Biz axirətdə kafirlər üçün rüsvayedici əzab hazırlamışıq» (ən-Nisa, 150-151).
Biz inanırıq ki, Məhəmməddən (s.a.v.) sonra peyğəmbər yoxdur. Ondan sonra peyğəmbərlik iddiasında olan və ya bu iddiaları təsdiqləyən adam kafirdir. Çünki o, Allahı, Onun peyğəmbərini və müsəlman icmasını təkzib etmiş olur.
Biz inanırıq ki, Peyğəmbərin (s.a.v.) iman yolunun sahibləri olan raşidi xəlifələri olmuşdur. Onlar Peyğəmbərin (s.a.v.) müsəlman ümmətində elm, dəvət və möminlər üzərində rəhbərlik baxımından xəlifələri olmuşlar. Onlar arasında xəlifəliyə daha çox haqqı olan və onların daha yaxşısı olan Əbu Bəkr Siddiq, sonra Ömər ibn əl-Xəttab, Osman ibn Əffan və Əli ibn Əbu Talibdir. Allah onların hamısından razı olsun!
Onlar fəzilətdə olduğu kimi xilafətdə də ləyaqət sahibi olmuşlar. Allah-təalanın hikməti böyükdür. Həmişə hakimiyyəti dövrün ən yaxşı, xilafətə ən layiqli şəxsinə həvalə etmişdir.
Biz inanırıq ki, bu ümmət Allaha görə ən yaxşı və ən kəramətli ümmətdir. Bu barədə qüdrət və cəlal sahibi Allah buyurur: «Siz insanlar üçün üzə çıxarılmış ən yaxşı ümmətsiniz. Siz onlara yaxşı işlər görməyi əmr edir, pis işlərdən çəkindirir və Allaha inanırsınız!» (Ali-İmran, 110).
Biz inanırıq ki, bu ümmətdə ən yaxşı olanlar Peyğəmbərlə (s.a.v.) birgə olanlardır, sonra onların ardıcılları və onların ardıcıllarının ardıcıllarıdır.
İnanırıq ki, bü ümmətdən bir tayfa indi də haqlı və düz yoldadırlar. Onlara kömək etməyənlər, onlara qarşı çıxanlar qüdrət və cəlal sahibi Allahın əmri olmadan bu tayfaya zərər yetirə bilməz. Biz bu fikirdəyik ki, səhabələr (Allah onlardan razı olsun!) arasında baş vermiş narazılıq çox aludə olduqları yozumdan irəli gəlir. Onlardan haqlı olanın əcri iki, olmayanın isə birdir. Bu sonuncunun günahı bağışlanar.
Biz onlar haqqında pis danışıqlara son qoymağın, layiq olduqları tərif və gözəl sözlərlə onları xatırlamağın zəruri olduğuna əminik. Biz qəlblərimizi onların hər hansı birinə nifrət və qəzəbdən təmizləməliyik. Allah-təalanın bu buyuruğuna uyğun olaraq: «Sizlərdən mal-dövlətini Məkkənin fəthindən əvvəl Allah yolunda sərf edənlər və müşriklərə qarşı vuruşanlar başqaları ilə eyni deyillər. Onlar mallarını fəthdən sonra sərf edib döyüşənlərdən dərəcə etibarilə daha üstündürlər. Bununla belə, Allah onların hamısına ən gözəl mükafat vəd buyurmuşdur. Allah sizin nə etdiklərinizdən xəbərdardır!» (əl-Hədid, 10);
«Onlardan sonra gələnlər belə deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş din qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə, həsədə yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətli və mərhəmətlisən!”» (əl-Həşr, 10).
AXİRƏTƏ İMAN
Biz axirət gününə inanırıq. Bu qiyamət günüdür, ondan sonra yeni bir günün olmadığı bir gündür. Bu gün bütün insanlar əbədi olaraq ya nemətlər evində, ya da əzab və ağrılar evində qalmaq üçün dirilirlər.
Biz dirilməyə inanırıq. Bu o deməkdir ki, İsrafil ikinci dəfə sura üfürəndə Allah-təala ölüləri dirildir. «Sur çalınacaq, Allahın istədiyi kimsələrdən başqa dərhal hamı öləcək. Sonra bir daha çalınan kimi onlar qalxıb (Allahın əmrinə) müntəzir olacaqlar» (əz-Zümər, 68).
İnsanlar qəbirlərindən Allahın hüzuruna yalın, çılpaq, anadan doğulduğu şəkildə gələcəklər: «[O gün] insanları ilk dəfə (yoxdan) yaratdığımız kimi dirildib əvvəlki halına salarıq» (əl-Ənbiya, 104).
Biz insanların sağ əlinə və ya (arxa tərəfdən) sol əlinə veriləcək vərəqələrin varlığına da inanırıq. «Kimin əməl dəftəri sağ əlinə verilmişsə, onunla yüngül haqq-hesab olacaq və o, ailəsinin yanına sevinclə qayıdacaq. Kimin əməl dəftəri arxa tərəfdən (sol əlinə) verilsə o: “Ay öldüm!” - deyə şivən qopardacaq və Cəhənnəmə varid olacaqdır» (əl-İnşiqaq, 7-12);
«Biz hər bir insanın əməlini öz boynundan asar və qiyamət günü açıb kitab kimi qarşısına qoyarıq. (Ona deyərik:) “Oxu kitabını. Bu gün sən özün-özünə haqq-hesab çəkməyə kifayətsən!”» (əl-İsra, 13).
Biz inanırıq ki, qiyamət günü heç kəsin haqqını pozmayan tərəzilər qoyulacaqdır: «Kim zərrə qədər yaxşı iş görmüşdürsə, onun xeyrini görəcəkdir. Kim də zərrə qədər pis iş görmüşdürsə, onun zərərini görəcəkdir» (əz-Zilzal, 7-8);
«Tərəziləri ağır gələnlər nicat taparlar. Tərəziləri yüngül gələnlər isə özlərinə ziyan edənlərdir. Onlar Cəhənnəmdə əbədi qalarlar. Cəhənnəm odu onların üzünü yandırar. Onlar orada dişləri ağarmış vəziyyətdə durarlar» (əl-Muminun, 102-104);
«Yaxşı iş görənə onun on qat əvəzi verilər. Pis iş görənəsə isə onun miqdarı qədər cəza verilər. Onlara haqsızlıq edilməz» (əl-Ənam, 160).
Biz Peyğəmbərin (s.a.v.) əzəmətli şəfaətinə – vasitəçiliyinə inanırıq. Bəndələr kədər və həyacan içində olanda Adəmin, sonra Musanın, sonra İsanın və ən axırda Məhəmmədin yanına gələcəklər. Peyğəmbər (s.a.v.) onların vəziyyətini yüngülləşdirmək məqsədilə Allaha Onun izni ilə şəfaət üçün müraciət edəcək.
Biz Məhəmməd peyğəmbərin (s.a.v.), digər peyğəmbərlərin, möminlərin və mələklərin Cəhənnəmə daxil olmuş möminləri oradan çıxartmaq üçün şəfaət etmələrinə də inanırıq.
Biz inanırıq ki, Allah-təala Öz qüdrət və mərhəmətilə başqasının şəfaəti olmadan da bir çox möminləri oddan xilas edir.
Biz Peyğəmbərin (s.a.v.) suyu süddən də ağ, baldan da şirin, müşkün qoxusundan da ətirli, uzunu və eni bir ay yol qədər, qabları səma ulduzları kimi gözəl və çox olan hovuzu olmasına inanırıq. Onun ümmətindən olan möminlər bura gəlirlər. Bu hovuzdan su içən heç vaxt susuzluq hiss etməz.
Biz Cəhənnəm üzərində qurulmuş Sirat körpüsünün varlığına inanırıq. İnsanlar onun üzərindən öz əməllərinə uyğun şəkildə keçirlər. Birincilər şimşək, sonrakılar külək, daha sonrakılar quş kimi keçəcəklər. Peyğəmbər (s.a.v.) Siratın üstündə durub deyər: «Ya Rəbb! Kömək ol! Kömək ol!». Bu o vaxta qədər davam edir ki, bəndələr öz əməlləri müqabilində sürünə-sürünə gəlirlər. Siratın hər iki kənar tərəflərindən asılmış maqqaşlar vardır ki, barəsində əmr aldıqları adamlardan yapışıb aşağı dartar və odun içinə atarlar.
Biz Qurani-Kərimdə və Peyğəmbərin (s.a.v.) dediklərində qiyamət günü, onun dəhşətləri barədə verilən xəbərlərə inanır və Allahdan kömək diləyirik.
Biz Peyğəmbərin (s.a.v.) Cənnət sakinlərinin Cənnətə daxil ola bilməsi üçün şəfaət etməsinə də inanırıq. Bu xüsusilə Peyğəmbərə (s.a.v.) aid olan şəfaətdir.
Biz Cənnət və Cəhənnəmə də inanırıq. Cənnət nemətlərlə dolu bir yerdir ki, Allah-təala onu mömin bəndələr üçün hazırlamışdır. Orada gözün görmədii, qulağın eşitmədiyi, insan ağlına gəlməyən nemətlər vardır: «Etdikləri əməllərin mükafatı olaraq möminlər üçün göz oxşayan nə cür nemətlər gizlənib saxlandığını heç kəs bilməz!» (əs-Səcdə, 17).
Cəhənnəm Allahın kafirlər və zalimlər üçün hazırladığı əzab yeridir. Orada insanın ağlına belə gəlməyən əzab və işgəncələr vardır: «Biz zalimlər üçün elə bir od hazırlamışıq ki, onun pərdələri onları bürüyəcəkdir. İmdad istədikdə onlara qətran kimi üzlərini büryan edən bir su veriləcəkdir. O, nə pis içki, o Cəhənnəm necə də pis yerdir!» (əl-Kəhf, 29).
Cənnət və Cəhənnəm indi mövcuddurlar və əbədi olaraq mövcud olacaqlar: «Allaha iman gətirib yaxşı işlər görəni, Allah əbədi qalacaq, altından çaylar axan cənnətlərə daxil edər. Həqiqətən, Allah ona gözəl ruzi bəxş etmişdir!» (ət-Talaq, 11);
«Həqiqətən, Allah kafirlərə lənət etmiş və onlar üçün yanar od hazırlamışdır. Onlar orada əbədi qalacaq, özlərinə nə bir hami, nə də bir köməkçi tapa biləcəklər. Üzləri od içində o tərəf-bu tərəfə çevriləcəyi gün deyəcəklər ki, kaş Allaha itaət edəydik, Peyğəmbərə itaət edəydik!» (əl-Əhzab, 64-66).
Biz həmçinin Qurani-Kərim və Peyğəmbərin (s.a.v.) həm ayrı-ayrı şəxslərin Cənnət sakinləri olmasına, həm də buna layiq keyfiyyətləri təsvir etməsinə şəhadət veririk. Konkret olaraq Əbu Bəkr, Ömər, Osman, Əli və Peyğəmbərin (s.a.v.) müəyyən etdiyi başqa şəxslərin Cənnətə getmələrinə şəhadət vardır. Hər bir mömin və Allahdan qorxan adamın Cənnətə getməsi şəhadəti də vardır.
Biz həmçinin Qurani-Kərim və Peyğəmbərin (s.a.v.) həm ayrı-ayrı şəxslərin Cəhənnəmə layiq olması şəhadətinə, həm də buna layiq keyfiyyətlərə malik olmasını təsvir etməsinə şəhadət veririk. Konkret olaraq Əbu Ləhəbin, Əmr ibn Lüheyy əl-Xüzainin və başqalarının Cəhənnəmə gedəcəyi göstərilir. Hər bir kafir, Allaha şərik qoşan və münafiq şəxs Cəhənnəm əhli kimi təsvir edilir.
Biz qəbr sınağına inanırıq. Bu, ölüyə onun dini və peyğəmbəri barədə sual verilməsidir: «Allah iman gətirənləri dünyada da, axirətdə də bir sözlə (şəhadətlə) sabitqədəm edər. Allah zalimləri azdırar. Allah istədiyini edər!» (İbrahim, 27).
Mömin bu suallara belə cavab verir: “Rəbbim Allahdır, dinim İslamdır, Peyğəmbərim Məhəmməddir". Kafir və münafiq isə belə deyir: “Bilmirəm, eşitdim ki, camaat nəsə deyir, mən də dedim".
Biz qəbrin möminlər üçün rahat olmasına inanırıq: «Mələklər canlarını aldıqları pak adamlara: “Sizə salam olsun! Yaxşı əməllərinizə görə Cənnətə daxil olun!” - deyərlər» (ən-Nəhl, 32).
Biz zalımlar üçün qəbrin əzab və əziyyətli olmasına da inanırıq: «Kaş sən zalimləri ölüm əzabı içində çabalayan, mələklərin də əllərini uzadıb: “Çıxarın canlarınızı! Siz Allaha qarşı nahaq sözlər danışdığınız və Onun ayələrinə təkəbbür göstərdiyiniz üçün bu gün alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” - dediklərini görəydin!» (əl-Ənam, 93).
Bu mövzuda hədislər sayca çoxdur, bizə də məlumdur. Mömin bu cür qeyb işləri barədə Qurani-Kərimin və Peyğəmbərin (s.a.v.) dediklərinə inanmalıdır, dünyada şahid olduqlarına əsaslanıb bunlara qarşı çıxmamalıdır.
Axirət işləri dünya işləri ilə müqayisə edilə bilməz. Onlar arasında fərq son dərəcə böyükdür. Allah Özü kömək olsun!
QƏZA VƏ QƏDƏRƏ İMAN
Biz qəza və qədərin həm xeyiri, həm də şərinə inanırıq. Bu Allah-təalanın canlı varlıqlar üçün Öz elmi və hikmətinə uyğun olaraq müəyyən etdiyi taledir.
Qəza və qədərin dörd əsası vardır:
Birincisi, biz Allahın hər şeyi - olmuşu, olanı və olacağı, necə olacağını Öz əzəli və əbədi elmi ilə bildiyinə, Onun elminin bilməməzlikdən bilməyə keçməməsinə, nə də bilinib sonra unudulmuş olmamasına inanırıq.
İkincisi, biz inanırıq ki, Allah-təala qiyamət gününə qədər baş verənlərin hamısını lövhi-məhfuzda yazmışdır: «Məgər bilmirsənmi ki, Allah göydə və yerdə nə varsa hamısını bilir? Bütün bunlar yazıdadır. Həqiqətən, bunlar Allah üçün asandır!» (əl-Həcc, 70).
Üçüncüsü, biz inanırıq ki, göylərdə və yerdə olan nə varsa hamısı Allahın istəyi ilə olmuşdur. Yalnız Onun istədiyi olur. Hər şey Allahın iradəsilə olur. Onun istəmədiyi isə olmur.
Dördüncüsü, biz inanırıq ki, «O hər şeyə vəkildir. Göylərin və yerin açarları Onun əlindədir» (əz-Zümər, 62-63).
Bu dörd əsas həm Allah-təalanın Özündən olanları və həm də bəndələrinin dediklərini, gördüyü və ya görmədiyi işləri əhatə edir. Bütün bunlar Allaha məlumdur, Onun dərgahında qələmə alınmışdır. Allah-təala belə istəmiş və Öz iradəsinə uyğun olaraq yaratmışdır: «Sizdən haqq yolunda olmaq istəyənlər üçün. Bilin ki, aləmlərin Rəbbi olan Allahın istəmədiyini siz də istəyə bilməzsiniz» (ət-Təkvir, 28-29);
«Əgər Allah istəsəydi, onlar bir-biriləri ilə vuruşmazdılar. Lakin Allah Öz istədiyini edər!» (əl-Bəqərə, 253).
«Allah istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları yalanlarla birlikdə boşla getsinlər!» (əl-Ənam, 112);
«Sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır» (əs-Saffat, 96).
Bununla yanaşı, biz Allahın insanlara iradə azadlığı və ona uyğun hərəkət qüdrəti verdiyinə də inanırıq. Bəndənin öz iradə və qüdrəti çərçivəsində hərəkət etməsinə aşağıdakı işlər dəlalət edir:
Birincisi, Allah-təala buyurur: «İstədiyiniz vaxtda öz tarlanıza gəlin!» (əl-Bəqərə, 223).
«Əgər onlar cihada çıxmaq istəsəydilər, ona hazırlıq görərdilər» (ət-Tovbə, 46). Bununla Allah-təala bəndəsinə istədiyi vaxt gəlmək və öz iradəsilə hazırlıq görmək azadlığı verir.
İkincisi, bəndəyə aid etdiyi əmr və qadağan məsələsi. Doğrudan da əgər bəndənin iradə azadlığı olmasaydı, bir işi görməyi əmr və ya qadağan etmək ona yerinə yetirə bilməyəcəyi bir vəzifə tapşırmaq demək olardı. Allahın hikməti, mərhəməti və Onun bu haqq sözü belə işə yol verməzlər: «Allah heç kəsi gücü çatmayan işi görməyə vadar etməz» (əl-Bəqərə, 286).
Üçüncüsü, yaxşı iş görəni yaxşı əməli müqabilində tərifləmək, pis iş görəni isə pis əməli müqabilində pisləmək, hər birinə öz əməyinə görə mükafat və ya cəza vermək. Əgər bəndə öz istəyi və iradəsi ilə hərəkət etməsəydi, onu yaxşı əmələ görə mükafatlandırmaq, pis əmələ görə isə cəzalandırmaq mənasız olardı. Allah-təala isə mənasız və haqsız işlər görməkdən uzaqdır.
Dördüncüsü, Allah-təala peyğəmbərlər göndərmişdir: «Biz peyğəmbərləri müjdə gətirən və əzabla qorxudan kimi göndərdik ki, daha insanlarda peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın. Allah yenilməz qüvvət və hikmət sahibidir!» (ən-Nisa, 165). Əgər insanlar öz iradə və istəyi ilə iş görə bilməsəydilər, onda onların bəhanələri peyğəmbərlər göndərməklə kəsilməzdi.
Beşincisi, hər bir adam heç bir irad olmadan bəzi işlər görür və ya görmür. İnsan öz iradəsilə durub-oturur, gedir-gəlir, səfər edir, sakin olur. O kiminsə bu işlərə görə ona irad tutmasını hiss etmir. İnsan bir işi görmək və ya görməmək seçimi arasında qalanda reallıqdan çıxış edib öz iradəsilə hərəkət edir: istədikdə edir, istəmədikdə etmir. Eynilə şəriət də bu iki seçim arasında hikmətli bir fərq qoyur. Allah-təalanın haqqı ilə bağlı özünün də nifrət etdiyi bir işə yol verən şəxsə irad tutulmur. Bizim fikrimizcə, Allah-təalanın qəzavü-qədərinə qarşı çıxan günahkarın heç bir bəhanəsi yoxdur. Çünki günahkar günah işi öz iradəsilə, Allah-təalanın bunun onun üçün qədər, tale yazdığını bilmədən tutur. Belə ki, hər kəs Allahın ona müəyyən etdiyi qəzavü-qədəri yalnız baş verəndən sonra dərk edir: «Heç kəs səhər nə edəcəyini, heç kəs harada öləcəyini bilməz» (Loğman, 34). Əgər bir adam sonradan üzr istəyəcəyi bir işi tutduğu vaxt gətirəcəyi bəhanəni bilmirsə, onda bu bəhanə necə doğru ola bilər? Allah-təala bu cür bəhanəni batil edir: «Müşriklər belə deyəcəklər: “Əgər Allah istəsəydi, nə biz, nə də atalarımız şərik qoşar, nə də bir şeyi haram edərdik”. Onlar özündən əvvəlkiləri də belə təkzib etmişdilər ki, axırda əzabımızı daddılar. Onlara de: “Bizim qarşımıza çıxacaq bir biliyiniz varmı? Siz yalnız zənnə qapılır və yalanlar uydurursunuz!”» (ən-Ənam, 148).
Qəzavü-qədərə etiraz edən günahkara bunu deyirik: “Allah sənin taleyini yazmış olduğunu nəzərə alıb nə üçün ona itaət etmirsən? Qəzavü-qədəri bilmədən törətdiyinlə günah arasında heç bir fərq yoxdur? Peyğəmbər (s.a.v.) səhabələrə onlardan hər birinin istər Cənnətdəki, istərsə də Cəhənnəmdəki yerinin artıq müəyyən edildiyini (yazıldığını) deyəndə onlar soruşdular: “Onda taleyimizə ümid edib, hər işi başlı-başına buraxaq?” Peyğəmbər (s.a.v.): “Yox, hər bir uğur ona layiq olana çatır” – cavabını verir”.
Qəzavü-qədərə etiraz edən günahkara deyirik: “Tutaq ki, Məkkəyə getmək istəyirsən. Ora iki yol aparır. Bir etibarlı adam sənə bildirir ki, bu yollardan biri qorxuludur, çətindir, ikincisi isə sakitdir, asandır. Sən ikinci yolla gedərsən. Mənim taleyimə bu yol yazılıb deyə birinci yol ilə getməzsən. Əks təqdirdə, camaat səni dəli sayacaq".
Günahkara həmçinin deyirik: “Tutaq ki, sənə iki vəzifə təklif edirlər: birinin maaşı daha çoxdur. Sən heç bir sıxıntı hiss etmədən bu vəzifədə çalışacaqsan. Bəs onda necə olur ki, sən axirət əməlində özünə ən alçaq bir işi rəva bilirsən, sonra da taleyə etiraz edirsən?”
Ona həmçinin deyirik: “Götürək ki, sən xəstəsən. Həkimlərin qapısını müalicə üçün döymüsən. Cərrahiyyə əməliyyatının ağrılarına, dərmanların acılığına dözürsən. Bəs nə üçün qəlbin dinsizlik xəstəliyinə tutulduqda bu cür hərəkət etmirsən?”
Biz inanırıq ki, Allah-təalanın mərhəmət və hikmətinin mükəmməlliyinə görə Ona şər iş mənsub edilə bilməz. Peyğəmbər (s.a.v.) demişdir: «Şər sənin üçün deyildir» (Müslimin rəvayətidir). Yəni Allah-təalanın qəzavü-qədərində şər yoxdur. Çünki qəzavü-qədər Onun mərhəmət və hikmətindən irəli gəlir.
Şər qəzavü-qədərin tələblərinə bir əlavə ola bilər. Peyğəmbər (s.a.v.) Həsənə öyrətdiyi qunut duasında deyir: «Mənə qəzavü-qədər bildiyin şərdən məni qoru». Göründüyü kimi burada o, şəri taleyə yazılmış olana əlavə edir. Bununla yanaşı tələbatda olan şər xalis şər deyildir. Onun xeyir və şər olması yerdən və haldan asılıdır. Bir yerdə şər olan, bir tərəfdən xeyir də ola bilər. Həmçinin bir halda şər olan, başqa halda xeyir ola bilər.
Yer üzündə fitnə-fəsad, quraqlıq, xəstəlik, kasıblıq və qorxu bir halda şərdir, lakin başqa bir halda isə xeyirdir. Allah-təala buyurur: «İnsanların öz əlləri ilə törətdiyi pis əməllər üzündən qurunu da, dənizi də fəsad bürüyəcəkdir ki, Allah onlara etdiklərinin nəticələrini daddırsın və, bəlkə, onlar pis yoldan qayıtsınlar» (ər-Rum, 41).
Oğrunun əlinin kəsilməsi, zinakarların daşqalaq edilməsi oğru və zinakar üçün şərdir, çünki əl kəsilir, can alınır. Lakin bu cəzalar başqa halda həm də onların hər ikisi üçün xeyirdir. Bu cəza onların günahlarını yuyar, dünya və axirət cəzalaranı birləşdirməz. Digər tərəfdən, bu cəzalar malın, namusun və ailənin qorunması baxımından da xeyirdir.
İMANIN FAYDALARI
Göstərdiyimiz bu əzəmətli əsaslara söykənən pak əqidəmiz öz sahibinə çoxsaylı gözəl səmərələr bəxş edir.
Allah-təalaya, Onun adlarına və sifətlərinə iman bəndəyə Allaha məhəbbət və itaət, əmrini yerinə yetirmək və qadağan etdiyindən uzaq olmaq kimi bir səmərə bəxş edir. Allahın əmrini yerinə yetirmək, qadağan etdiyindən uzaq olmaqla fərd və cəmiyyət dünya və axirət səadətinə çatmış olur: «Mömin olub yaxşı işlər görən kişi və qadına xoş həyat bəxş edəcək, onlara etdiklərinə görə ən gözəl mükafat verəcəyik» (ən-Nəhl, 97).
Mələklərə imanın səmərələri:
Birincisi, onları yaradanın əzəmətini, qüdrət və hökmünü dərk etmək.
İkincisi, Allah-təalaya bəndələrinə göstərdiyi qayğıya görə təşəkkür bildirmək. Belə ki, Allah bu mələklərə bəndələri qorunmaq, əməllərini yazmaq və sair bu kimi taleyüklü işləri həvalə etmişdir.
Üçüncüsü, mələklərin Allah-təalaya ən mükəmməl bir şəkildə ibadət etməsinə və möminlər üçün bağışlanma diləməsinə görə onlara məhəbbət bəsləmək.
Allahın kitablarına imanın səmərələri:
Birincisi, Allah-təalanın mərhəmətini, qayğı və yaratmaq qüdrətini dərk etmək. Belə ki, Allah hər bir millətə ona haqq yolunu göstərən kitab göndərmişdir.
İkincisi, hər bir millətin münasib qanunlarını bu kitablarda verməklə Allah-təalanın hikmətinin zahir olması. Bu kitabların sonuncusu olan Qurani-kərim qiyamət gününə qədər hər zaman və hər yerdə bütün məxluqlara münasibdir.
Üçüncüsü, buna görə Allah-təalanın nemətinə şükür etmək.
Peyğəmbərlərə imanın səmərələri:
Birincisi, Allah-təalanın mərhəmətini, qayğı və yaratmaq qüdrətini dərk etmək. Belə ki, O, insanlara haqq və düzgünlük yolunu göstərmək üçün bu kəramətli peyğəmbərləri göndərmişdir.
İkincisi, bu böyük nemətə görə Allaha şükür etmək.
Üçüncüsü, peyğəmbərlərə layiq olduqları qədər məhəbbət, hörmət və ehtiram hissləri bəsləmək. Çünki onlar Allah-təalanın elçiləri, Allahın ən yaxşı bəndələri olub Allaha ibadət etmiş, risaləsini yaymış, bəndələrinə məruz qaldıqları əziyyətlərə dözməyi məsləhət görmüşlər.
Axirət gününə imanın səmərələri:
Birincisi, Allah-təalaya itaətə hərislik, bu günün savabını qazanmaq, onun cəzasından qorxub günah işlərdən uzaq olmaq istəyində olmaq.
İkincisi, möminin dünya nemətlərinin itkisini unutması, axirətin nemət və savabını qazanacağından ləzzət duyması.
Qəzavü-qədərə imanın səmərələri:
Birincisi, hər bir işin səbəbi Allah-təalanın qəza və qədəri ilə müəyyən olunur.
İkincisi, nəfsin rahatlığı, qəlbin sakitliyi. Çünki insan biləndə ki, bu iş Allah-təalanın qəza və qədəri ilə baş verir, hər bir istədiyi iş qaçılmazdır, nəfsi rahatlanır, qəlbi sakitləşir və o əmin olur ki, Rəbbinin qəza və qədərinə iman gətirəndən də artıq sakit və rahat həyat keçirən bir adam ola bilməz!
Üçüncüsü, istədiyinə çatanda özünə məftunluqdan uzaq olmaq. Çünki bu işin baş tutması Allahın nemətidir, Onun müəyyən etdiyi xeyir və uğur səbəblərindəndir. İnsan buna görə Allaha şükür edir, özünə məftunluqdan uzaqlaşır.
Dördüncüsü, istədiyin baş vermədikdə və istəmədiyin baş verəndə rahatsızlıq və həyacandan uzaq olmaq. Çünki bütün bunlar, Allahın yazısı ilədir. Yalnız O, göylərdə və yerdə hökmün sahibidir. İnsan buna dözməli və xeyirli əvəzini gözləməlidir.
Allah-təala bu barədə buyurur: «Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bu kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır! Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə verilənə də sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, özü ilə fəxr edən heç bir kəsi sevməz!» (əl-Hədid, 22-23).
Allah-təaladan bizi bu əqidə ilə silahlandırmağı, onun səmərələrini bizə bəxş etməyi, onun üstünlüklərini daha da artırmağı, bizi haqq yoluna yönəldəndən sonra ürəyimizi sındırmamağı, bizə Öz mərhəmətini bəxş etməyi rica edirik. O hədiyyələr bəxş edəndir. Aləmlərin rəbbi Allaha həmd olsun!