×
İslam elçisi Muhəmməd (Allahın salavatı və salamı onun üzərinə olsun)

Mərhəmətli və Rəhmli Alla­­­­hın adı ilə!

İslam elçisi Muhəmməd (Allahın salavatı və salamı onun üzərinə olsun)

İslam elçisi Muhəmməd(Allahın salavatı və salamı onun üzərinə olsun) haqqında qısa həyat yolu. Burada bəyan etdiklərim bunlardır: onun adı, nəsəbi, yaşadığı yer, həyat yoldaşları, dəvət etdiyi risaləti (peyğəmbərlik missiyası), peyğəmbərlik dəlilləri, şəriəti (dini əhkamları) və düşmənlərinin ona qarşı mövqeləri.

1. Peyğəmbərimizin (Allahın salavatı və salamı onun üzərinə olsun) adı, nəsəbi və böyüyüb başa çatdığı yer

İslam elçisi: İsmayil ibn İbrahimin (Allahın onlara salamı olsun) züriyyətindən olan, Muhəmməd ibn Abdullah ibn Abdulmuttalib ibn Həşimdir. Allahın peyğəmbəri İbrahim (Allahın ona salamı olsun) zövcəsi Həcər və körpə oğlu İsmayil ilə Şamdan Məkkəyə gəlir və həyat yoldaşı ilə oğlu İsmayılı, izzət və cəlal sahibi olan Allahın əmri ilə Məkkədə məskunlaşdırır.İsmayil gənc yaşlarına çatanda isə, atası İbrahim peyğəmbər (Allahin ona salamı olsun) Məkkəyə gəlir və onlar ikisi (Allahin onalara salamı olsun) Müqəddəs Beytülharamın - Kəbənin bönüvrəsini qoyurlar. İnsanlar Müqəddəs Allahın evi olan, Kəbənin ətrafına axın etməyə başlayır və Məkkə, aləmlərin Rəbbi olan Allaha ibadət edənlərin, həmçinin həcc İbadətini yerinə yetirmək istəyənlərin məskəninə çevirilir. Beləliklə, insanlar, İbrahim (Allahin ona salamı olsun) dinində olaraq, Allaha ibadətdə və Onu ibadətlərində təkləşdirməkdə, əsrlər boyu davam edirlər. Bundan sonra, insanların haqdan uzaqlaşması baş verir və ərəbistan yarımadasının halı, ətrafında olan dünyanın digər ölkələrinin halına dönür. Bu ölkələrdə, butpərəst əməllər biruzə verir. Onlardan: bütlərə ibadət, körpə qız uşaqlarını diri-diri basdırmaq, qadınlara qarşı zülm, içki içmək, əxlaqdan uzaq, nalayiq əməllərlə məşğulliyyət, yetimin malını mənimsəmək, sələm və s ... Məhs belə bir məkan və mühitdə, miladi tarixi ilə 571-ci ildə, İsmayil ibn İbrahimin (Allahın ona salamı olsun) züriyyətindən olan, İslam elçisi Muhəmməd ibn Abdullah dünyaya göz açmışdır. Atası, o dünyaya gəlməmişdən öncə, anası isə, onun cəmi altı yaşı olanda bu dünyadan köçmüşdülər. Əmisi Əbu Talib, onu öz himayəsinə götürmüş və o, (Allahın salavatı və salamı onun üzərinə olsun) yetim, kasıb və öz əlləri ilə qazanıb dolanaraq yaşayırdı.

2.Mübarək xanım ilə mübarək evlilik

O, iyirmi beş yaşına çatanda, Məkkə qadınlarının xanımı olan, Xuveylidin qızı Xədicə (Allah ondan razı olsun) ilə evlənir və ondan dörd qız və iki oğul övladı ilə ruziləndirilir. Oğullarının hər ikisi uşaq ikən dünyalarını dəyişir. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) zövcələri və ailəsi ilə ən yüksək dərəcədə lütf və məhəbbət ilə davranardı. Məhs buna görə, həyat yoldaşı Xədicə, onu (Allahın salavatı və salamı onun üzərinə olsun) çox sevirdi və Allahın elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) də, həmçinin bunun qarşılığını ona sevqi ilə ödəyirdi. Hətta, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) həyat yoldaşı Xədicənin ölümündən uzun illər keçdikdən sonra belə, onu unutmurdu. O, (Allahın salavatı və salamı onun üzərinə olsun) qoyun kəsərdi və onu Xədicəyə (Allah ondan razı olsun) yaxşılıq etmək və ona olan məhəbbətini qoruyub saxlamaq məqsədi ilə, kəsilən əti, Xədicənin (Allah ondan razı olsun) rəfiqələrinə ikram əlaməti olaraq paylayaraq, onun əziz xatirəsini ehtiramla yad edərdi.

3. Vəhyin başlaması

Allahın elçisi Muhəmməd (Allahın salavatı və salamı onun üzərinə olsun) Allah onu yaratdığı gündən, böyük əxlaqa malik idi. Onun gövmü onu, sadiq, dürüst və etibara layiq adlandırırdı. Gözəl əməllərdə onlarla əlbir olardı, lakin bununla yanaşı, onlarin bütpərəst əməllərinə nifrət edər və onların bu işlərində onlara şərik olmazdı.

Nəhayət, ömrünün qırx yaşına çatdıqda, Məkkədə ikən, Allah onu elçi olması üçün seçir və Allahın mələklərindən olan Cəbrayil (Allahin ona salamı olsun) onun yanına Qurandan nazil olan ilk surənin başlanğıc ayələri ilə gəlir. Həmin o ayələr, uca Allahın bu sözləridir: "Yaradan Rəbbinin adı ilə oxu! (1) O, insanı qan laxtasından yaratdı. (2) Oxu! Sənin Rəbbin mü­qa­yisəsiz sə­xavətə malikdir. (3) O, qələmlə yazmağı öy­rət­di. (4) İnsana bilmədiklərini öy­rətdi." (5) (Əl-Ələq surəsi: 1-5) O, qorxu içində titrəyə-titrəyə həyat yoldaşı Xədicənin (Allah ondan razı olsun) yanına gəlib, baş verənlər haqda ona xəbər verdi və o, Peyğəmbəri (Allahın salavatı və salamı onun üzərinə olsun) sakitləşdirərək, onunla birlikdə, xristyanlığı qəbul etmiş, Tövratı və İncili oxumuş, əmisi oğlu Vəraqa ibn Nofəlin yanına yollandılar. Xədicə Vəraqaya dedi: "Ey əmim oğlu, dinlə gör qardaşın oğlu sənə nə söyləyir". Vəraqa Muhəmməddən soruşdu: "Nə görürsən, ey qardaşımın oğlu?". Allahın elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) ona gördükləri haqda xəbər verdikdən sonra, Vəraqa ona dedi: "Bu, Allahın Musanın yanına göndərdiyi həmin mələkdir. Kaş, mən, gövmünün səni yurdundan qovacaqları günlərdə sağ və cavan olaydım. Onda Allahın elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) soruşdu: "Məgər onlar məni qovacaqlar?" Vəraqa cavab olaraq dedi: "Bəli, elə bir insan yoxdur ki, sənə endirilən ona da endirildikdən sonra, düşmənçiliklə rastlaşmamış olsun. O günə kimi sağ qalsam, əlimdən gələn hər bir vasitə ilə sənə yardımçı olaram".

Məkkədə, aləmlərin Rəbbi tərəfindən Cəbrayılın (Allahin ona salamı olsun) vasitəsi ilə Quran ayələri və risalətin təfərrüatları dayanmadan, Allahın elçisinə (Allahın salavatı və salamı onun üzərinə olsun) enməyə davam edir.

Allahın elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) qövmunu İslama dəvət etməyə davam edərkən, onlar tərəfdən müqavimət və düşmənçiliklə rastlaşır və risaləti tərk etməsi üçün ona mal və mülk təklif olunur. Allahın elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) bu təkliflərdən imtina etdikdən sonra, onlardan yüksək təbəqələrdə olan zadəganlar, ondan əvvəlki elçilərə də deyilən sehrbaz, yalançı, iftiraçı kimi sözləri deməyə, həmçinin onu sıxışdırmağa, şərəfli canına qəsd etmə cəhdlərinə və onun davamçılarını zülmə məruz qoyma və onları təqib etməyə başlayırlar. Allahın elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) Məkkədə insanları Allaha ibadət etməyə çağırmaqda davam edir. Məqsədi isə, həcc və ərəblərin ticarət mövsumu olurdu ki, orada Allah elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) insanlarla görüşər və onları İslama dəvət edərdi. O, (Allahın salavatı və salamı onun üzərinə olsun) nə mələk idi, nə də ki, bir hökm sahibi. İnsanları dəvət edərkən, fiziki dəstək və vəzifə ilə təşfiq etmə və ya onları qılıncla qorxutma uslublarına da əl atmazdı. Uca Allah, insanların heç zaman bacara bilməyəcəklərini bildiyi üçün, dəvətin başlanğıcında Quran vasitəsilə insanlara meydan oxuyur və çağırış edir ki, əzəmətli Quranda olana bənzər bir surə və ya ayə gətirib ortaya qoysunlar.Lakin heç kim bu çağırışı qəbul edə bilmədi. İnsanlardan bəziləri Onun dəvətini qəbul edərək, əziz səhabələri (Allah onların hammısından razı olsun) kimi, ona iman etdilər. Məkkədə ikən Allah onu əzəmətli dəlillə - Beytul Məqdisə gedişi - İsra (gecə Məkkədən Beytul-Məqdisə (Qüdsə) aparılması) hadisəsi ilə daha da şərəfli etmiş.daha sonra isə, Merac (ruhu və bədəni ilə göy üzünə qaldırılması) hadisəsi zamanı, uca Allah onu səmaya ucaltmışdır. Həmçinin, Allahın İlyas və Məsihi (İsanı) (Allahin onlara salamı olsun) səmaya qaldırması da, məlum hadisələrdir və bu, müsəlman və xristianların kitablarında zikr olunur. Məhz səmada ikən, Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) Allah tərəfindən namaz qılma əmrini alır. O namaz ki, müsəlmanlar onu gündə beş dəfə yerinə yetirirlər. Müqəddəs Məkkədə həmçinin, digər bir əzəmətli möcüzə baş verir. O, müşriklərin gözləri ilə müşahidə etdikləri, ayın iki yerə bölünməsi möcüzəsidir.

Qureyş müşrikləri onun qarşısını almaq üçün, hər bir vasitəyə əl atırdılar: İnsanlar ondan üz çevirsinlər deyə, ona qarşı hiylə işlətməkdə həddi aşır, möcüzələri tələb etməkdə hədsiz dərəcədə tələbkarlıq və inad göstərir və insanlar ondan haqqı qəbul etməmələri, həmçinin onunla mübahisədə dəlilləri əldə etmək üçün yahudilərin köməklərindən istifadə edirdilər.

Qureyş kafirlərinin mömünlərə qarşı olan təqibin davam etdiyini görən Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun), onları bundan qurtarmaq üçün, onlara Həbəşistana hicrət etməyə (köçməyə) izn verir. Və Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) onlara buyurur: "Həbəşistanda xristian olan bir ədalətli hakim var ki, onun yanında heç kəsə zülm olunmaz". Beləliklə, mömünlərdən iki qrup insan, Həbəşistaha hicrət edir (köçür). Oraya çatdıqdan sonra isə, Həbəşistan kralına Peyğəmbərimiz Muhəmməd (Allahın salavatı və salamı onun üzərinə olsun) gətirdiyi din haqda ona məlumat verirlər. O, İslamı qəbul edərək, bu cür söyləyir: "Allaha and olsun ki, bu və Musanın (Allahin ona salamı olsun) gətirdiyi dinin mənbəyi birdir." Bu ərəfədə, Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) və səhabələrinin, qövmü tərəfindən başlarına ard-arda müsibətlərin gətirilməsi, Məkkədə hələ də davam edirdi.

İslamı qəbul edənlərin sırasında, həmçinin Mədinədən Həcc mövsümünə gələn, müəyyən sayda insanlar da olub. Onlar, İslama sadiq qalmalarına və Allahın elçisi Muhəmməd (Allahın salavatı və salamı onun üzərinə olsun) şəhərlərinə (Mədinəyə) köçdükdən sonra, ona dəstək olacaqlarına and verdilər. O zamanlar, Mədinə şəhəri Yəsrib adlanırdı. Sonra Allahın elçisi Muhəmməd (Allahın salavatı və salamı onun üzərinə olsun) mömünlərin Məkkədə qalan hissəsinə də, Mədinə şəhərinə köçmələrinə izn verir. Onlar, Mədinəyə köçür və beləliklə, Mədinədə İslam o dərəcədə yayılır ki, orada elə bir ev qalmır ki, o evə İslam daxil olmamış olsun.

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Məkkədə Allahın dininə on üç il ərzində dəvət etdikdən sonra, Allah ona, Peyğəmbərin şəhəri olan Mədinəyə köçməyə izn verir. Beləliklə o, (Allahın salavatı və salamı onun üzərinə olsun) Mədinəyə köçür və insanları Allaha dəvət etməkdə davam edərkən, İslam Şəriətinin əhkəmları da yavaş-yavaş Allah tərəfindən, ona nazıl olmağa davam edir. Həmçinin, hökümdarları və qəbilə başçılarını İslama dəvət etmək üçün onlara məktub yazaraq elçilər göndərir. Onların arasında Bizans hökmdarı, Fars hökmdarı və Misir hökmdarı da var idi.

Bir gün, Mədinədə olarkən, insanların qorxusuna səbəb olan, günəşin batması hadisəsi baş verir. Bu hadisə, Peyğəmbərimizin (Allahın salavatı və salamı onun üzərinə olsun) oğlu İbrahimin dünyasını dəyişdiyi günə təsadüf etdiyi üçün, insanlar bu cür söylədilər: "İbrahimin dünyadan köçməsinə görə, günəş tutuldu", Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) isə, onlara cavab olaraq buyurdu: "Həqiqətən də, günəş və ay, bir kəsin ölümü və ya həyata qəlməsi səbəbindən tutulmur. Bu, Allahın Öz qullarını qorxutmaq üçün göstərdiyi dəlillərdəndir".Əgər Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) yalançı və saxtakar olsa idi, o zaman, tez-tələsik insanları qorxutmaq məqsədi ilə və onu yalançı saymamaları üçün, onlara "günəş mənim oğlumun vəfatına görə tutuldusa, bəs məni yalançı sayanın halı necə olacaq?"- deyərdi.

Allahın elçisini (Allahın salavatı və salamı onun üzərinə olsun) Rəbbi kamil bir əxlaq ilə vəsf edir: "Həqiqətən də, sən böyük əxlaq sa­hibisən!" (Əl-Qələm surəsi: 4) O, (Allahın salavatı və salamı onun üzərinə olsun) düşməninə qarşı belə, sadiqlik, ixlas, şücaət, ədalət, sədaqət, səxavətlik və s. kimi, bütün gözəl əxlagi məziyyət və keyfiyyətlərlə vəsf olunurdu. Fəqir, miskin, dul qadın və ehtiyacı olan hər kəsə sədəqə verməyi sevər, onları doğru yola yönəltməyə həris və onlara qarşı təvazökar və mərhəmətli olardı. Hətta, qərib bir insan gəlib Allah elçisini (Allahın salavatı və salamı onun üzərinə olsun) axtararkən və o, sahəbələri arasında olmasına baxmayaraq, onlardan seçilmədiyi üçün, həmin axtaran insan, onlardan, "aranızda Muhəmməd kimdir?"- deyə soruşmaq məcburiyyətində qalardı.

Hamı ilə, istər düşmən, istərsə dost, ona yaxın və ya uzaq olan hər kəs, böyük və ya kiçik, kişi və ya qadın, istərsə də, heyvan və quşlarla münasibətdə, onun (Allahın salavatı və salamı onun üzərinə olsun) həyat tərzi bir kamillik və nəciblik nümunəsi idi.

Allah onun üçün dinini tamamlayanda və Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) risalətini kamil bir şəkildə təbliğ etdikdən sonra, altmış üç yaşında bu dünyadan köçmüşdür. Onlardan ömrünün qırx yaşını peyğəmbərlikdən öncə, iyirmi üç yaşını isə, elçi və peyğəmbər olaraq keçirtmişdir. Adı (Allahın salavatı və salamı onun üzərinə olsun) ilə bərabər çəkilən və öz şəhəri olan, Mədinə şəhərində dəfn olunur. Özündən sonra isə mindiyi ağ qatır və yolçular (vətəninə qayıda bilməyən müsafirlər) üçün sədəqə etdiyi torpaq sahəsindən başqa, nə bir mal, nə də ki miras buraxmamışdır.

Allah elçisinə (Allahın salavatı və salamı onun üzərinə olsun) iman gətirərək, onun ardınca gedən və İslamı qəbul edənlərin sayı çox idi. Vəfatından təxminən üç ay öncə, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) səhabələri ilə vida həccini yerinə yetirərkən, onunla birlikdə həcc edənlərin sayı yüz mindən çox idi. Ola bilər ki, məhz bu, dininin qorunub, yayılmasının sirri və əsas səbəblərindən idi. İslam dəyərləri və prinsipləri üzərində tərbiyyələndirdiyi səhabələri, ədalət, zühd, təqva, sədaqət və bu əzəmətli din uğrunda fədakərlıqları baxımından, ona iman edən ən gözəl insanlar idi.

İman, elm və ona uyğun əməl, ixlas, inam, fədakərliq, şücaət və səxavət cəhətdən ən üstün səhabələri (Allah hər birindən razı olsun): Əbu Bəkr Əs-Siddiq, Ömər ibn Əl-Xattab, Osman ibn Affan, Əli ibn Əbi Talib (Allah hər birindən razı olsun) idi. Onlar, Allah elçisinə (Allahın salavatı və salamı onun üzərinə olsun) ilk inanıb, iman edənlərdir. Allah elçisindən (Allahın salavatı və salamı onun üzərinə olsun) sonra, bu dinin şuarını daşıyan və xəlifə olmuş insanlar da, məhz bu səhabələr idi. Peyğəmbərlikdən hər hansı bir xüsusiyyətə malik deyildilər və(Allahın salavatı və salamı onun üzərinə olsun) digər səhabələrdən hər hansı bir xüsusiyyətlərinə görə seçilmirdilər.

Uca Allah, Kitabını və Allahın elçisi Muhəmmədin (Allahın salavatı və salamı onun üzərinə olsun) sünnəsini, yaşadığı həyatı barəsində məlumatları, həyat tarixçəsini, dediklərini və etdiklərini, onun danışdığı ərəb dilində qoruyub saxladı. Onun (Allahın salavatı və salamı onun üzərinə olsun) haqqında, qorunub saxlanılan həyat-yolu, ondan başqa, tarix boyu heç bir kəs haqda qorunub saxlanılmayıb. Hətta, yatmaq, yemək, içmək və gülməyinin necəliyi belə, hifz olunmuşdur. Evində ailəsi ilə necə davranardı? Həyat tarixçəsində onun hər bir güzəranı yazılıb və qorunub. O, bir bəşər və elçidir, ilahi heç bir xüsusiyyətlərə malik deyildir, özünə nə bir fayda, nə də bir zərər verməyə qadirdir.

4. Risaləti

Uca Allah, Muhəmmədi (Allahın salavatı və salamı onun üzərinə olsun) şirk, küfr və cəhalət yer üzünü bürüyən bir zamanda elçi olaraq göndərmişdir. Az bir sayda kitab əhlindən savayı, yer üzündə Allaha, Ona şərik qoşmadan, ibadət edən bir kəs yox idi. Və belə bir zamanda, uca Allah, Öz elçisi Muhəmmədi (Allahın salavatı və salamı onun üzərinə olsun) peyğəmbər və elçilərin sonuncusu olaraq yolladı. Uca Allah, onu bütün dinlərdən üstün olsun deyə, insanları bütpərəstlik, küfr və cəhalətin zülmətindən, TəkAllahlıq (tövhid) və İman nuruna çıxartması üçün, hidayət (düz yol göstərən) və haqq dini (İslam) ilə, bütün aləmlərə peyğəmbər oaraq göndərmişdir. Onun (Allahın salavatı və salamı onun üzərinə olsun) risaləti, ondan öncə gələn peyğəmbərlərin (Allahın salavatı və salamı onların üzərinə olsun) risalətlərini tamamlayır.

Allah elçisi Muhəmməd (Allahın salavatı və salamı onun üzərinə olsun), Nuhun, İbrahimin, Musanın, Süleymanın, Davudun, İsanın və özündən öncəki bütün peyğəmbərlərin və elçilərin (Allahın onlara salamı olsun) dəvət etdiklərinə dəvət edib. Dəvət etdikləri isə, bunlar idi: Rəbbin, Xəlq edən, Ruzi verən, Dirildən və Öldürən, Mülk sahibi olan, bütün işləri İdarə edən, Şəfqətli və Rəhimli olmasına, həmçinin, Allahın kainatda görüb, görmədiyimiz hər bir şeyin Yaradanı olmasına və Ondan savayı hər bir şeyin, Onun xəlq etdiklərindən bir məxluq olmasına iman etmək idi.

Eyni zamanda, tək Allaha ibadət edib, Ondan başqalarına ibadəti tərk etməyə dəvət edirdi. Və Allahın ibadətdə, mülkdə, xəlq etmə və idarə etmədə şərikinin olmamasını son dərəcədə açıq-aydın şəkildə insanlara bəyan etdi. Həmçinin, Allahın nə doğub, nə də doğulduğunu, Onun tayı-bərabəri və bənzərinin olmamasını açıq şəkildə bildirərək bəyan etmişdir ki, O yaratdığı məxluqatların hər hansı birinə daxil olmaz və həmçinin cismə bürünməz.

Allah elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) İbra­hi­min və Musanın (Allahın onlara salamı olsun) səhifələri, Tövrat, Zəbur, İncil kimi ilahi kitablara və göndərilən bütün elçilərə (Allahın onalara salamı olsun) iman gətirməyə çağırırdı. Bəyan etdiklərindən həmçinin o idi ki, peyğəmbərlərdən (Allahin onalara salamı olsun) birinə belə iman etməmək, bütün peyğəmbərlərə iman etməmək sayılırdı.

Bütün insanları, Allahın rəhməti, dünyada olan ehtiyaclarının Onun tərəfindən ödənildiyi, Onun Rəhimli Rəbb olması, insanları qəbrlərindən diriltdiyi Axirət günü, bütün məxluqları tək Onun tərəfindən hesaba çəkiləcəkləri barədə xəbərdar etmişdir. Həmçinin, mömünləri etdikləri gözəl, saleh əməllərinə görə, on qat mislində savab ilə mükafatlandıranın, pis əməl görəni isə, bir qat mislində hesaba çəkənin də, məhz uca Allahın olduğu və mömünlər üçün Axirətdə nemət dolu bir məqamın hazır olması ilə müjdələmişdir. Küfr edərək, pis əməllər görən kəsləri isə, dünya və axirətdə cəza gözləyəcəyi barədə onları xəbərdar etmişdir.

Allahın elçisi Muhəmməd (Allahın salavatı və salamı onun üzərinə olsun) öz risalətində nə qəbiləsini, nə yaşadığı yeri, nə də şərəf sahibi olan özünü tərifləməyib. Əksinə, Qurani Kərimdə Nuh, İbrahim, Musa və İsa peyğəmbərlərin (Allahin onlara salamı olsun) adları, onun öz adından da çox zikr edilir. Həmçinin, anasının və həyat yoldaşlarının adları da, Qurani Kərimdə zikr olunmamışdır. Lakin Musa peyğəmbərin anası bir necə dəfə, Məryəmın (Allahin ona salamı olsun) adı isə düz iyirmi dörd dəfə qeyd edilir.

Allahın elçisi Muhəmməd (Allahın salavatı və salamı onun üzərinə olsun) - şəriətə, əqlə, fitrətə və gözəl əxlaqa zidd olan hər bir şeydən uzaqdır. Çünkü peyğəmbərlər, (Allahin onlara salamı olsun) Allah tərəfindən təbliğ etdiklərində xətalardan uzaq və Allahın əmrlərini, Onun qullarına təbliğ etməklə mükəlləfdirlər. Peyğəmbərlər (Allahın onlara salamı olsun) ilahi və rəbbani xüsusiyyətlərdən heç birinə malik deyillər, əksinə, onlar digər insanlar kimi bir bəşərdirlər, sadəcə olaraq, onlara Allah tərəfdən vəhy şəkilində risalət endirilir.

Muhəmməd peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) risalətinin haqq olmasına ən böyük dəlillərindən biri də odur ki, bu günkü gündə belə, onun (Allahın salavatı və salamı onun üzərinə olsun) risaləti, həyatda olduğu şəkildə necə var, təhrif və dəyişikliklərə məruz qalmayan şəkildə mövcuddur. Həmçinin, dünyada ona tabe olan bir millyarddan artıq müsəlman vardır. O kəslər ki, heç bir təhrif və dəyişiklik etmədən, onun risalətində varid olan şəriətimizin namaz, zəkat, oruc, həcc və s. kimi vacib əməllərini həyatlarında tətbiq edirlər.

5. Onun peyğəmbərlik möcüzələri, dəlilləri və onun işarələri

Uca Allah, peyğəmbərləri, onların peyğəmbərliklərinin haqq olmalarına dəlalət edən dəlillərlə dəstəkləyir. Onlara risalətlərinin doğruluğunu isbat etmələri üçün hüccət, dəlil və əsaslar verir. Uca Allah, hər bir elçisinə, insanların ona iman etmələrinə kifayət edən möcüzələr endirmişdir. Elçilərə verilmiş dəlillərdən ən böyükləri isə, bizim Peyğəmbərimiz olan, Muhəmmədə (Allahın salavatı və salamı onun üzərinə olsun) verilənidir. Uca Allah ona, dəlil olaraq, Qiyamət gününə kimi qalacaq və peyğəmbərlik dəlili sayılan, Qurani Kərimi vermişdir. Həmçinin, uca Allah peyğəmbərimiz Muhəmmədi (Allahın salavatı və salamı onun üzərinə olsun) çoxlu sayda dəlillərlə dəstəkləmişdir. Onlarda bəziləri:

İsra (gecə Məkkədən Beytul-Məqdisə (Qüdsə) aparılma hadisəsi) və Merac (ruhu və bədəni ilə göy üzünə qaldırılması hadisəsi), ayın iki yerə parçalanması, insanlar quraqlıqdan əziyyət çəkdikləri zamanlar Rəbbindən yağış yağmasını dua etdikdən sonra, dəfələrlə yağışın yağması.

Az olan su və yeməyin möcüzə nəticəsində artması və çox sayda insanların ondan yeyib içə bilməsi.

Həmçinin, keçmişdə baş vermiş və heç kəsin təfsilatıyla bilmədiyi qeybi məsələlər haqda, insanlara xəbər verməsi. Misal olaraq: Mağara əhlinin əhvalatı və digər peyğəmbərlərin (Allahin onlara salamı olsun) qövmləri arasında baş vermiş qissələri Allahın ona xəbər verməsini qeyd etmək olar.

Habelə, pak və müqəddəs Allah tərəfindən ona vəhy olunan gələcəkdə baş verəcək hadisələrdən xəbər verməsi. Məsələn:Hicaz torpağından çıxan alov, insanların hündür binalar tikməkdə bir-birləri ilə yarışmaları və s.

Tək Allahın onun üçün hər işdə kifayət olması və onu insanlardan qoruması.

Səhabələrinə verdiyi vədlərin gercəyə çevrilməsi. Misal olaraq: Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) sözü: "Sizin üçün Fars və Rum torpaqları fəth olunacaq və onların xəzinələri Allah yolunda xərclənəcəkdir".

Allahın onu (Allahın salavatı və salamı onun üzərinə olsun) mələkləri ilə dəstəkləməsi.

Musa, Davud, Süleyman, İsa və digər peyğəmbərlərin (Allahın salavatı və salamı onların üzərinə olsun) öz qövmlərini Peyğəmbərimiz Muhəmmədin (Allahın salavatı və salamı onun üzərinə olsun) gəlişi ilə müjdələmələri.

Sağlam əqlə sahib olan kəslərin tabe olduqları əqli dəlil və Quranda zikr olunanməsəllər.

Bu ayələr, dəlillər və əqli məsəllər, Qurani Kərimdə və Peyğəmbərimizin sünnəsində zikr edilir. Hətta buna dəlil olan ayələrin sayılmayacaq qədər çoxdur. Onlara nəzər salmaq istəyən kəs, Qurani Kərimə, Sünnə (hədislərə) və Peyğəmbərimizin həyatı haqqında tarix kitablarına müraciət edə bilər. Orada, insanın tam əmin olmasına kifayət edən sübut və dəlillər vardır.

Bu əzəmətli dəlillər olmasa idi, ərəb yarımadasındakı qureyş kafirləri, yəhudi və xristianların əllərində insanları Peyğəmbərdən uzaqlaşdırmaq və onu yalançı saymaq üçün ona qarşı bir fürsət olardı.

Qurani Kərim - Allah tərəfindən Öz elçisi Muhəmmədə (Allahın salavatı və salamı onun üzərinə olsun) vəhy olaraq endirilmiş bir kitabdır. Bu kitab, aləmlərin Rəbbi olan Allahın kəlamıdır. Bu günə kimi belə, Allah insan və cinlərə,(quranın bəşər kəlamı olması iddiasına qarşı) bu Qurana bənzər bir kitab və ya Qurandan bir surəyə bənzər surə gətirmələrinə çağırış edərək onlara meydan oxuyur. Qurani Kərim, milyonlarla insanları heyrətə salan mühüm suallara cavab verir. Əzəmətli Quran endirildiyi lüğətdə bir hərfi belə naqis olmamış şəkildə, Qiyamət gününə kimi, Allah tərəfindən qorunacaq. Bu kitab - ecazkar, fəsahətli, özündə çox məna daşıyır və çap olunaraq yer üzündə geniş şəkildə yayılmışdır. O, insanlara göndərilmiş ən əzəmətli kitabdır. Ərəb dilində və ya mənalarının tərcümələrinin oxunulmasına layiq olan bir kitabdır. Bu kitabı oxuma və ona iman gətirməkdən məhrum olan kəs, bütün xeyirlərdən məhrumdur. Həmçinin, Allahın elçisi Muhəmmədin (Allahın salavatı və salamı onun üzərinə olsun) sünəsi - Onun getdiyi yol və tərcümei-halı da, qorunaraq, etibarlı ravilərin vasitəsi ilə nəql etmə yolu ilə bizə çatıb. Allahın elçisi Muhəmmədin (Allahın salavatı və salamı onun üzərinə olsun) sünnəsi danışdığı doğma ərəb dilində, sanki günümüzdə, aramızda yaşayırmış kimi çap edilib və bir çox dillərə tərcümə olunmuşdur. Qurani Kərim və Allahın elçisi Muhəmmədin (Allahın salavatı və salamı onun üzərinə olsun) sünnəsi birlikdə - İslam əhkam və hökümlərinin tək və vahid bir məsdəridir.

6. Allahın elçisi Muhəmmədə (Allahın salavatı və salamı onun üzərinə olsun) göndərilən şəriət (dini əhkamlar).

Allahın elçisi Muhəmmədə (Allahın salavatı və salamı onun üzərinə olsun) göndərilən şəriət - rəbbani şəriətlərin və ilahi risalətlərin sonuncusu olan İslam şəriətidir. Bu şəriət, keçmiş peyğəmbərlərə endirilmiş şəriətlərə əsli məsələlər baxımında bənzəyir,təfsilati baxımından isə onlardan fərqlənir.

O, hər zamana və məkana uyğun olan kamil şəriətdir. Bu şəriət insanların dinlərini və dünyalarını islah edib sahmanlayır və qulun aləmlərin Rəbbi olan Allah üçün yerinə yetirilməsi vacib olan, namaz və zəkat kimi, hər bir ibadəti özündə cəm edir. O, insanların bütün həyat sahələrində ehtiyac duyulan maliyyə, iqtisadi, ictimai, siyasi və s kimi icazəli və qadağan edilmiş bütün hökmləri bəyan edən şəriətdir.

Bu şəriət insanların dinlərini, canlarını (qanlarını), qeyrət, mal, ağıl və nəsillərini qoruyur və özündə bütün növ fəzilət və yaxşılıqları cəm edib, nalayiq və şər olan hər bir şeydən çəkindirir. Həmçinin, insanları hər şeydə orta yolu seçməyə, ləyaqət, ədalət, ixlas, təmizlik, hər bir işdə mükəmməl olmağa, sevgi, insanlar üçün xeyir istəməyə, qan axıtmaqdan çəkinməyə, vətənlərində əmin-amanlığın qorunub saxlanılmasına, hədə-qorxu qəlməyin və haqsız yerə insanları qorxutmağın qadağan olmasına çağıran şəriətdir. Allahın elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) hər növ və formada olan tuğyan, zülm və fəsada qarşı, habelə xurafat, təcrid (özünə qapanma) və rahiblik həyat tərzinə qarşı mübarizə aparırdı.

Allahın elçisi Muhəmməd (Allahın salavatı və salamı onun üzərinə olsun) - uca Allahın, kişili qadınlı bütün insanlara, böyük dəyər verməsi və haqlarının qorunmasını öz üzərinə götürdüyü haqda bəyan etmişdir. Digər əməl və işlərindəisə, uca Allah, məsuliyyət daşıdıqları haqda onlara xəbər edib, insanın özünə və ya digərlərinə zərər verdikləri işlərdə cavabdeh olduqlarını da onlara izah etmişdir. Həmçinin, kişi ilə qadını iman, məsüliyyət, cəza və savab məsələlərində bərabər edib. Bu şəriət, istər ana, istər həyat yoldaşı, istər qız övladı, istərsə də bacı olsun, hər bir qadına xüsusi qayğı göstərir.

Allahın elçisi Muhəmmədin (Allahın salavatı və salamı onun üzərinə olsun) gətirdiyi şəriət, insanların əqllərini qoruyur və ona, içki kimi xələl yetirə biləcək hər bir şeyi qadağan edir. İslama görə din - insan ağlına işıq sacıb, ona yol göstərən bir nur hesab olunur ki, insan, Rəbbinə bilikli və anlayışlı şəkildə ibadət etsin. İslam şəriəti əqlə yüksək yer verir. Onu insanın mükəlləf olub-olmaması üçün meyar edərək, ağlı, xurafat, batil inanc və bütpərəstlik qandallarından azad edib.

İslam şəriəti sağlam elmin məqamını uca tutaraq, insanları nəfsdən, azğınlıqdan uzaq olan elmi araşdırmalar aparmağa təşfiq edir və insanları kainat haqqında düşünmək, analiz etməyə çağırır. Aparılan doğru elmi araşdırmaların nəticələri ilə Allahın elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) gətirdikləri arasında heç bir ziddiyyət yoxdur.

Şəriət insanlar arasında irqi mənsübiyyətlərinə görə fərq qoymur. Hər hansısa bir irqi, milliyyət və ya qövmü digərindən üstün tutmur, əksinə, şəriət əhkəmları qarşısında hər bir kəs bərabərdir. Çünki, insanlar yaradılış baxımından bərabərdirlər və heç birinin digəri, habelə, heç bir qövmün də digər qövm üzərində üstünlüyü yoxdur. Yalnız təqvalı (Allahdan çəkinən, ona qarşı gəlməkdən uzaq duran ) olanlardan başqa. Allahın elçisi Muhəmməd (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verdiyi kimi: "Hər bir yeni doğulmuş uşaq fitrəti üzərində olur". Buna görə də dünyaya göz açan hər bir bəşər övladı, xətalı və ya digərlərinin xətalarını miras edən şəkildə anadan olmur.

İslam şəriətində uca Allah tövbə etməyi qanuniləşdirilib (İslam şəriətində yer alır). Tövbə - insanın Öz Rəbbinə üz tutaraq, Ondan bağışlanma diləməsi və günahları tərk etməsi deməkdir. İslam dinini qəbul etdikdə insanın əvvəlki günahları yox olur, tövbə də həmçinin, insanın tövbədən öncəki günahlarını silir və insanlar qarşısında günahları etiraf etməyə də bir ehtiyac qalmır.(yalnız qul haqqına giribsə ondan halallıq alması, həmçinin, insanlara batil şey öyrədibsə, haqqı onlara bəyan etməsi istisnadır, bunları etməsi vacibdir.) İslam dinində İnsanın Rəbbi ilə əlaqəsi birbaşadır. Belə ki, bunun üçün insanla Allah arasında vasitə olaraq heç bir kəsə gərək yoxdur. Əksinə, İslam dini, hər hansı bəşəri Allahın rəbbaniliyi və ilahiliyində ona şərik və tanrı olaraq götürülməsini qadağan edir.

Allahın elçisi Muhəmməd (Allahın salavatı və salamı onun üzərinə olsun) gətirdiyi şəriət, ondan qabaq olan bütün şəriətləri ləğv edib. Çünki Allahın elçisi Muhəmmədin (Allahın salavatı və salamı onun üzərinə olsun) gətirdiyi İslam şəriəti, Allah tərəfindən nazil olunan, Qiyamət gününə kimi son və bütün aləmlərə göndərilən şəriətdir. Buna görə də, digər şəriətlər özündən qabaq gələni ləğv etdiyi kimi, bu şəriət də, ozundən əvvəlki bütün şəriətləri ləğv etmişdir. Uca Allah, Öz elçisi Muhəmmədin (Allahın salavatı və salamı onun üzərinə olsun) gətirdiyi İslam şəriətindən başqa heç bir şəriət qəbul etmir. Uca Allah İslamdan başqa bir din seçən şəxsdən bunu qəbul etməz. Bu şəriətin əhkamlarının təfsilatlarını bilmək istəyən adam, İslam dini haqda məlumat verən etibarlı kitablara müraciət edə bilər.

Bütün ilahi risalətlərdə olduğu kimi, İslam şəriətinin də hədəfi: İnsanı aləmlərin Rəbbi Olan Allaha xalis qul olaraq, onu bəşərə, yaxud hər hansısa əşyaya və ya xurafatlara ibadət etməkdən azad edərək, doğru din ilə ucaltmaqdır.

İslam şəriəti hər zamana və hər məkana uyğundur və o, insan üçün həqiqi fayda verən heç bir şeyə zidd deyildir. Çünki, bu şəriət, İnsanların ehtiyacı olduqları mənafelərinin nədə olmasını bilən Allah tərəfindən endirilmişdir. İnsanların özlərinin belə doğru şəriətə ehtiyacları vardır. İslamla xeyir arasında bir zidiyyət yoxdur, pak şəriət nəyi əmr edibsə o insanlığın xeyrinə, nəyi qadağan edibsə onun zərərinədir. İnsanlar üçün onları doğru, xeyir yoluna yönəldən, onları islah edənin kimliyini, insanlar deyil, uca Alllah seçir. İnsanlar aralarında olan məsələlərdə uca Allahın şəriətinə müraciət etsələr, işləri yoluna qoyular və bir-birlərinə qarşı zülm və haqsızlıq etməmiş olarlar.

7. Düşmənlərinin ona qarşı mövqeləri və onun lehinə olan şahidlikləri.

Heç şübhə yoxdur ki, hər bir peyğəmbərlə düşmənçilik edən, dəvət yolunda ona mane olan və insanları ona iman etməkdən çəkindirən düşmənləri olub. Allahın elçisi Muhəmmədin (Allahın salavatı və salamı onun üzərinə olsun) də, həmçinin, həm sağ ikən, həm də ölümündən sonra çoxlu düşmənləri olub. Uca Allah onların hammısının üzərində ona qələbə qazandırmışdır. İstər keçmişdə olsun, istərsə də indiki zamanda, onun Peyğəmbər olmasını, özündən öncəki peyğəmbərlər (Allahın onlara salamı olsun) gəldikləri ilə gəlməsini və onun haqq üzərində olmasına dair düşmənlərinin etirafları çoxdur. Lakin, onların çoxunda bunu qəbul edib iman etmələrinə mane olan vəzifə sevgisi, ictimai qınaq, yaxud da vəzifələrindən qazandıqları var-dövləti və sərvətlərini itirmə qorxusu kimi bir çox əngəlləri vardır.

Həmd aləmlərin Rəbbi Allaha məxsusdur!

Kitabı yazıb: Prof. Dr. Muhəmməd ibn Abdullah Əs-Suheym.

İslam tətqiqatları kafedrasında əqidə müəllimi.

Kral Səud Universiteti, Pedaqoji Fakültə

Ər-Riyad, Səudiyyə Ərəbistan Krallığı

İslam elçisi Muhəmməd (Allahın salavatı və salamı onun üzərinə olsun)

1. Peyğəmbərimizin (Allahın salavatı və salamı onun üzərinə olsun) adı, nəsəbi və böyüyüb başa çatdığı yer

2.Mübarək xanım ilə mübarək evlilik

3. Vəhyin başlaması

4. Risaləti

5. Onun peyğəmbərlik möcüzələri, dəlilləri və onun işarələri

6. Allahın elçisi Muhəmmədə (Allahın salavatı və salamı onun üzərinə olsun) göndərilən şəriət (dini əhkamlar).

7. Düşmənlərinin ona qarşı mövqeləri və onun lehinə olan şahidlikləri.